Bakı, 12 dekabr, AZƏRTAC
Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycana qarşı mina terroru siyasəti davam etməkdədir. Çünki 30 illik işğal dövründə bir milyondan artıq mina basdırılıb. Bu azmış kimi, hələ 2020-ci ildən sonrakı dövrdə - Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələr getdiyi dövr ərzində yenə də Ermənistandan Azərbaycan ərazilərinə minaların daşınması proqramları həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Ermənistanın regionda ən çox mina istehsal edən ölkələrdən biri olduğunu qeyd edən H.Hacıyev fikirlərinə belə davam edib: “Keçmiş təmas xətti ilə bərabər qondarma rejimin yerləşdiyi ərazinin perimetrləri çərçivəsində də minalanma siyasəti həyata keçirilib. Bunun nəticəsində bu gün də Azərbaycanın mülki insanları mina terrorunun qurbanları olmaqda davam edirlər. Bu məsələdə bilavasitə Ermənistan Respublikası dövlət məsuliyyəti daşıyır. Çünki Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq Azərbaycan əraziləri minalanıb. Ölkəmizin ərazisinin təqribən 12 faizi minalarla çirkləndirilib. Minaların təmizlənməsi böyük zəhmət və böyük maliyyə resursu tələb edir. Amma bundan daha vacibi bu nəticə insan həyatı hesabına başa gəlir. Mina təmizlənməsi işi çox çətin prosesdir. Bir çox hallarda mülki insanlar təsadüfdən və ya müəyyən yanlışlıq nəticəsində minaların qurbanlarına çevrilirlər. Mina, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı məqsədyönlü şəkildə terror və işğal siyasətinin başqa formalarla davam etməsidir. Bu, Azərbaycanın bərpa və quruculuq işlərinin sürətinə mənfi təsir göstərir, mülki insanların təhlükəsiz şəkildə həmin ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistan tərəfinə göstərilmiş təzyiqlər nəticəsində onlar mina xəritələrinin bir qismini versələr də həmin xəritələr reallıqda yerdəki vəziyyəti əks etdirmir, dəqiqliyi çox aşağı səviyyədədir. Ermənistan o xəritələrin bir çoxunu hələ təhvil verməyib. Versə belə minaların təmizlənməsi çox ciddi, həyati təhlükə doğuran bir əməliyyatdır”.