"Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük. Həmin missiyanın fəaliyyəti artıq başa çatmalıdır.".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, iki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatedici faktdır: "Azərbaycan Prezidentinin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma göründüyü kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir”.
Prezidentin köməkçisi deyib ki, sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır: "Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətinin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və hərbi amil kimi meydana çıxmasına xidmət edir".
Şəbnəm Mehdizadə