RU

Heydər Əliyevin ən sevdiyi musiqi - "Azərbaycan"

Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və sevgi heç zaman azalmayıb. Prezidentliyi dövründə belə onu tez-tez teatrlarda, muzeylərdə, bəstəkar, yazıçı və digər mədəniyyət xadimlərinin ev muzeylərində, yubleylərində görmək mümkün idi. Azərbaycan mədəniyyəti ilə iç-içə olan Heydər Əliyevin tez-tez musiqi dinləməsi, musiqiçilərin əhatəsində olması və zaman – zaman sevdiyi mahnıları zümzümə etməsi də xüsusi diqqət çəkirdi.

Modern.az Ümummilli liderin ən çox sevdiyi musiqiləri araşdırıb. Heydər Əliyevin ən çox sevdiyi musiqilər xalq mahnıları və Tofiq Quliyevin bəstələri olub. Tofiq Quliyevin Nəbi Xəzrinin "Azərbaycan" şeirinə bəstələdiyi eyniadlı mahnı isə Heydər Əliyev üçün əvəzedilməz musiqiyə çevrilib.Bu sevgi və dəyəri 1997-ci ildə Heydər Əliyev Sarayında keçirilən Tofiq Quliyevin 80 illik yubley mərasimində Ulu öndərin çıxış və xatirələrindən də duymaq mümkündür.

Yubley tədbirinin sonunda çıxış edən Heydər Əliyev nitqinə bəstəkara yazdığı məktubla başladıqdan sonra Tofiq Quliyevi ad günü münasibətilə təbrik edib.



“Bugünkü bu mərasim sənin üçün bəlkə azdır. Sən bundan da böyük şöhrətə və hörmətə layiqsən. Azərbaycan xalqı 60 ildir ki, sənin mahnılarının təsiri altında yaşayır. Sənin mahnıların bizim xalqımıza, təkcə bizim xalqımıza yox, bəşəriyyətə, dünyaya böyük töhfədir. Sənin mahnıların, musiqin bizim xalqımıza sevinc gətirir, ilham verir, hər bir insan üçün yaşamağa, yaratmağa güc verir. Musiqi ümumiyyətlə, insan üçün çox əziz olan bir sənət nümunəsidir. Musiqinin hər bir sahəsi həmişə insanlar tərəfindən sevilibdir. Ancaq mahnı, şərqi insanlara daha yaxın olubdur. Opera musiqisini, simfonik musiqini bir çox adamlar qəbul edir, ancaq o hamıya çatmırsa, amma mahnı və xüsusən sənin kimi bəstəkarın mahnıları demək olar ki, insanları - kiçikdən böyüyə qədər, qadını da, kişini də, hamını sevindirir və hamıya təsir edir. Ona görə də mahnı daim yaşayır. Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə can sağlığı arzu edirəm. Sənə yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”.

Təbrikinin ardından Heydər Əliyev Tofiq Quliyevlə bağlı maraqlı xatirələrindən də danışıb.

“Milli Təhlükəsizlik sistemində çalışırdım. Tez-tez Tofiq Quliyevin təşkil etdiyi caz konsertlərinə gedirdim, bəzən hərbi geyimdə olduğuma görə musiqiçilər məndən çəkinirdi. Hətta onlar mənim gəlişimə başqa cür baxırdılar, elə bilirdilər ki, onları izləmək üçün bura göndəriblər. Əslində isə belə deyildi, caz sənətinə sevgim məni bu konsertləri dinləməyə aparırdı. Sistem işçisi olduğuma görə çox vaxt konsertlərə gələ bilmirdim. Gələndə də çalışırdım ki, eşidə bilmədiyim caz musiqilərini dinləyim. Bir gün kollektivin rəhbəri Tofiq adlı gənci çağırıb, özümü təqdim etdim. Dedim ki, məndən çəkinməyin. Naxçıvanda caz təzə-təzə səslənir, mən caza, caz musiqisinə vurulmuşam. Simfonik musiqinin öz yeri var, caz musiqisi isə bir başqa aləmdir. Hər kəs cazı duyub qavraya bilməz! Həmin Tofiq dediyim gənc bu gün dünya səviyyəsində tanınan, dünyanı sənəti ilə fəth edən Tofiq Quliyevdir. Zərifə xanımın fortopiano arxasına keçib Tofiq Quliyevin «Sənə də qalmaz» mahnısını ifa etməsi hafizəmdən çıxmır, Zərifə xanım bu mahnını özünəməxsus tərzdə ifa edirdi. Mən Tofiq Quliyevi o illərdən tanımışam və onu özüm üçün kəşf etmişəm, Azərbaycana rəhbərlik etdiyim illərdə həmişə sevdiyim bəstəkara diqqət göstərmişəm. Üzeyir Hacıbəyovdan sonra Tofiq Quliyev, maestro Niyazidən sonra Rauf Abdullayevimiz var. Onu da deyim ki, Tofiqin mahnıları o qədər gözəldi ki, hətta mən də yeri gələndə zümzümə edirəm. Tofiq Quliyev Azərbaycan bəstəkarlıq və caz musiqisi məktəbini quranlardan və inkişaf etdirənlərdən biridir. Tofiq Quliyev dünya miqyaslı bəstəkardır, əsərləri dünyanı gəzir. Simfonik əsərləri, suitaları, rapsodiyaları və bəstələri maraqlı, məzmunlu və süjetlidir. Azərbaycan Tofiq Quliyevin əsərlərində daha vüqarlı, qürurlu, qüdrətlidir. Tofiq Quliyevin yaşaması bizim musiqimizin yaşaması deməkdlr. Onun hər bir bəstəsi Azərbaycanı tərənnüm edir və azərbaycançılığımıza xidmət edir. Tofiq Quliyevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı Azərbaycana həsr olunan, onu tərənnüm edən mahnıların tacıdır. Hər dəfə bu mahnıya qulaq asanda azərbaycanlı olmağımla haqlı olaraq fəxr edir, öyünürəm”.

Избранный
17
4
turkustan.az

5Источники