RU

Çeçenistanda DİN alayının binası vuruldu – Kadırov açıqlama yaydı

Dünən gecə Çeçenistanın paytaxtı Qroznı şəhəri dronların hücumuna məruz qalıb. Yerli teleqram kanallarının yaydığı məlumata görə, dronlar Çeçenistanda Daxili İşlər Nazirliyinin ikinci alayının binasına hücum edib. Fotoşəkillərdən birində damda böyük dəlik açıldığı və alov yüksəldiyi görünür. Partlayış yerinə xüsusi xidmət orqanlarının cəlb edildiyi qeyd olunur.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarmaları üzərində PUA vurulub. Onun sözlərinə görə, dörd mühafizəçi yüngül yaralanıb, lakin ciddi xəsarət alan olmayıb.

“Havada partlayan PUA dam örtüyünə ziyan vurub və şüşəni sındırıb”, – deyə Kadırov yazıb.

Qroznıya daha əvvəl iki dəfə dronların hücumu olub.

Ötən həftə xüsusi təyinatlı polis patrul xidmətinin 2-ci alayının bazasının binasının üzərində pilotsuz təyyarə vurulub. Çeçenistanın rəhbəri Ramzan Kadırov sayını açıqlamadan ölənlərin olduğunu bildirib.

Eyni zamanda, sosial şəbəkələrin çeçen seqmentində Axmat Kadırov adına xüsusi təyinatlı alayın komandiri Zamid Çalayevə “tez sağalma” diləkləri yayılıb.

Bundan əvvəl, oktyabrın sonunda, PUA-nın hücumu nəticəsində Qudermesdəki “xüsusi qüvvələr universiteti” adlanan binalardan birinin damı yanıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Ramzan Kadırov hər dəfə Qroznıya edilən hücumlara sərt reaksiya verir. İlk hücumdan sonra o, Ukraynada döyüşən çeçen birləşmələrinə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini əsir götürülməməsi barədə əmr verdiyini bəyan edib. Düzdür, bir neçə gündən sonra öz dediyinə görə, əmri ləğv etdi. Keçən həftə Çeçenistan rəhbəri əsir götürülən Ukrayna əsgərlərini Qroznıdakı strateji əhəmiyyətli obyektlərin damlarına yerləşdirərək canlı qalxan kimi istifadə etməyi planlaşdırdığını açıqlamışdı.

“AzPolitka.info”

Избранный
10
2
7times.az

3Источники