RU

Müqaviləsi salfetə yazıldı, qollarını nənəsinə həsr etdi, xəstəliyə görə inkişafdan qaldı - Lionel Messi (VİDEO)

24 iyun argentinalı ulduzun doğulduğu gündür.
Ölkə.Az Messi ilə bağlı bir sıra maraqlı faktları təqdim edir.
İdmansevərlərin bəziləri Lionel Messini futbol planetinin kralı adlandırır. Bunun niyə deyildiyini başa düşmək üçün onun karyerasına nəzər salmaq kifayətdir.

Əsl adı Luis Lionel Andres Messi olan ulduz futbolçu Argentinada doğulub. Buna baxmayaraq onun ulu babaları italyan olub.
Onun atası Xorxe Horasio Messi həm polad fabrikində işləyir, həm də “Qrandoli” futbol məktəbində məşqçilik edirdi. Beş yaşında olarkən balaca Messi də bu məktəbdə məşqlərə başlamışdı.

1995-ci ildə doğma şəhərində "Nyuels Old Boyz" klubuna keçən və gənc ulduza çevrilən Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşmışdı.
2000-ci ildə Barselonanın məşhur skautu Karles Rexaç 13 yaşlı Lionel Messinin oyununu izləyərək ona heyran qalır məşqçi və o qədər həyəcanlanır ki, dərhal müqavilə imzalamaq qərarına gəlir. O, müqaviləni salfetin üstünə yazaraq imzalayır və Messini işə götürür.
Lionel “Barselona”ya gəlişindən bir neçə il sonra İspaniya Futbol Komandasına dəvət edilsə də, o, keçmiş super ulduz Dieqo Maradonanın yolu ilə getmək, Argentinada oynamaq istəyirdi, ona görə də təklifi rədd etdi. 

Messinin oyunu o qədər heyrətamiz idi ki, onu Maradona ilə müqayisə etməyə başlamışdılar. 2010-cu ildə Messi və Maradona, FIFA Dünya Kubokunda Argentina Milli Komandasının kapitanı və məşqçisi olaraq bir araya gəlmişdilər. Deyilənə görə, Maradona həmin vaxt Messiyə cərimə zərbələri texnikasını təkmilləşdirməyə kömək edib.
Yəqin ki, Messinin hər dəfə qol vuranda qollarını qaldıraraq səmaya baxdığını görmüsünüz. Əslində, o, dua etmir, qollarını vəfat edən nənəsi Selia Olivera Kuçitiniyə həsr edir. Çünki Messinin bu sahədəki istedadını kəşf edən və onun əlindən tutub ilk dəfə stadiona aparan şəxs nənəsi olub.
Bu günə qədər ümumilikdə 800-dən çox qol vuran Lionel indiyədək 6 Qızıl Buts və 7 Qızıl Top qazanıb.
Messi 2012-ci ildə bir təqvim ilində vurduğu 91 qola görə Ginnesin Rekordlar Kitabına düşüb.

Messi 11 yaşında ikən ona böyümə hormonu çatışmazlığı diaqnozu qoyulub. Bu xəstəliyin müalicəsi üçün isə aylıq 1000 (min) dollar ödəmək lazım idi. Valideynləri bu pulu ödəyə bilmədi, “Barselona” bütün xərcləri qarşıladı.
Onun kumiri, argentinalı həmkarı Pablo Aymar idi.

Vaxtilə “Arsenal” Lioneli transfer etmək istəsə də, o, “Barselona”da qalmağı seçib.
Leo 35 çempionluqla "Barselona" tarixinin ən uğurlu oyunçusudur.
Xeyriyyəçi fəaliyyəti ilə də məşğul olan argentinalı ulduz ehtiyacı olan uşaqlara kömək məqsədilə “Leo Messi” Fondunu təsis edib. 

Sürətinə və çevikliyinə görə Messinin ləqəblərindən biri də “Birə”dir.
Uşaqlıq sevgilisi ilə evlənən Messinin eşq hekayəsi də kifayət qədər maraqlıdır. O, 3 uşağının anası olan Antonella ilə tanış olanda 9 yaşı var idi.
Hətta Messi balaca olanda bir məktubunda “bir gün biz nişanlanacağıq” sözlərini yazmışdı.
Maraqlıdır ki, Antonella futbolu heç sevmir. Messi müsahibələrində “Evə qayıdıb “iki qol vurdum və ya het-trik etdim” dedikdə, maraqlanmadı” söyləyib.
Sonuncu Dünya Çempionatında Argentina millisi ilə kuboku başı üzərinə qaldıran Messi demək olar ki, ən nüfuzlu bütün titullara yiyələnmiş oldu.
Fransanın PSJ klubunda Leonun işləri istədiyi kimi getmədi, hətta vida matçında azarkeşlər tərəfindən fitə basıldı. Bu yaxınlarda əfsanəvi futbolçu Devid Bekhemin rəhbəri olduğu ABŞ-nin "İnter Mayami" klubu ilə müqavilə imzalayıb. Sözügedən komanda ölkə çempionatının outsayderlərindən hesab olunur.

Billurə Yunus

Избранный
37
olke.az

1Источники