RU

Azərbaycan suveren dövlət kimi var olmaqdadır vəHeydər Əliyevin siyasətinə sadiqdir - RƏY

Bu gün Azərbaycanın vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, yeni siyasi kursun müəyyənləşdirilməsi, müasir inkişaf strategiyasının seçilməsi, ölkədə dayanıqlı ictimai-siyasi sabitliyi birdəfəlik təmin edən digər faktorların yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı Heydər Əliyevin vətəndaş cəmiyyətinin qurulmasında, hüquqi dövlət quruculuğu istiqamətində zamanında atdığı addımların mahiyyətini indi daha yaxşı dərk edir. 

 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Heydər Əliyev Hakimiyyətə gəldiyi dövrdə Azərbaycanda vəziyyət çox gərgin olub. 

Ceyhun

“Azərbaycan ölüm-dirim mübarizəsi aparırdı. Dövlətçilik çox ciddi təhlükələrlə üz-üzə qalmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətdə dövlət quruculuğuna başladı. Onun Azərbaycanda dövlət quruculuğunda çox böyük xidmətləri olub. Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdə dövlətçilik ənənələri tamamilə zəiflədilmişdi, dövlət idarəçiliyində ciddi problemlər var idi. O, qısa müddətdə ən önəmli məsələlərdən biri olan ictimai-siyasi sabitliyi təmin etdi. Azərbaycanda dövləti qurdu və dövlətçiliyi daha da möhkəmləndirdi. Bu gün Azərbaycanda dövlətçilik ənənələri birbaşa Heydər Əliyevin xidmətləri, gördüyü işlərlə bağlıdır. Qısa müddətdə qarşıdurmaların, Gəncə qiyamının qarşısı alındı, Azərbaycan daha da inkişaf etməyə, möhkəmlənməyə başladı. Bugünkü qələbələrimizin, zəfərlərimizin təməli o dövrdə qoyuldu. Sonrakı dövrdə isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə, böyük uzaqgörənliklə davam etdirildi və bugünkü qələbələr təmin edildi. Güclü dövlət qurulmasa, dövlətçilik ənənələri yaradılmasa, ictimai-siyasi sabitlik təmin edilməsə, Azərbaycan bu uğurların heç birinə nail ola, heç bir uğur təmin edə bilməzdi. Məhz Prezident İlham Əliyevin xidmətləri sayəsində bu gün Azərbaycan dünyada tanınır, ölkəmizə böyük önəm verilir, nüfuzu artır, xarici siyasəti daha da güclənir, dövlətçilik ənənələri möhkəmlənir”, - deputat bildirib. 

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə deyib ki, cismən Heydər Əliyev aramızda olmasa da, onun arzuları, istəkləri, vəsiyyətləri, Azərbaycanla bağlı qurduğu bütün planlar, demək olar, reallaşıb: 

“Məhz Heydər Əliyevin siyasi davamçısı cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin vəsiyyəti həyata keçirilib. 1990-cı illərin əvvəllərinə ekskursiya etsək, görərik ki, həqiqətən də, Azərbaycan çox ağır və çıxılmaz vəziyyətdə idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də,  torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi. Eyni zamanda həmin dövrdə səriştəsiz idarəetmə nəticəsində Azərbaycanda qardaş qırğını başlamışdı. Baş vermiş hadisələr Azərbaycanın parçalanması, adının tarixdən silinməsi ilə nəticələnə bilərdi. Məhz xalqın təkidi ilə 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə müasir Azərbaycanı qurub-yaratdı, Azərbaycanın parçalanma təhlükəsinin qarşısını aldı. Ən əsası Gəncə şəhərində qardaş qırğınını dayandıra bildi. Azərbaycanda hüquqi dövlət qurulması üçün zəminlər yaradıldı. Konstitusiyamız məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlandı, yeni Konstitusiya əsasında azad, demokratik seçkilər keçirildi, mətbuat azadlığı təmin olundu, vətəndaş cəmiyyətinin qurulması üçün lazımi addımlar atıldı. Tamamilə dağıdılmış və sıradan çıxmış Azərbaycan iqtisadiyyatı yenidən formalaşdırıldı, Azərbaycan enerji resurslarının dünya bazarına çıxarılması üçün Əsrin Müqaviləsi imzalandı. Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün dünya gücləri ilə Azərbaycan arasında əlaqələr yaradıldı. Məhz Heydər Əliyev tərəfindən formalaşdırılan balanslaşdırılmış xarici siyasət imkan verdi ki, Azərbaycan dövləti yenidən güclənə bilsin və mövcud Qarabağ probleminin həll edilməsi üçün əsaslar yaransın. Tamamilə sıradan çıxmış Azərbaycan ordusu Ulu Öndərin birbaşa rəhbərliyi ilə yenidən formalaşdırıldı. Ordu quruculuğu əsas hədəflərdən biri idi. Biz bunun təməllərinə Heydər Əliyevin hakimiyyəti dönəmində şahidlik etmiş olduq. Unutmamalıyıq ki, Birinci Qarabağ müharibəsində çoxlu sayda itkilərimiz, 1 milyona yaxın məcburi köçkün və qaçqınlarımız var idi. Onların sosial problemlərinin həll edilməsi Azərbaycan dövləti qarşısında ağır problem olaraq qalmaqda idi. Şəhid ailələri, xeyli sayda müharibə veteranları... Bunlar Azərbaycan dövlətinin yükünü daha da ağırlaşdırırdı. Bütün bunlara baxmayaraq məhz Heydər Əliyevin bilik və bacarığı, dövlət idarəçiliyində olan təcrübəsi, liderlik qabiliyyətləri imkan verdi ki, tamamilə dağılmaq, sıradan çıxmaq, parçalanmaq təhlükəsi ilə üzbəüz olan Azərbaycanın müstəqilliyini, bütövlüyünü, suverenliyini qoruyub saxlaya bildi, Ermənistan təcavüzünün qarşısını ala bilmək üçün atəşkəsin imzalanmasına nail oldu. Dünya güclərinin Azərbaycan həqiqətlərinin qəbul edilməsi ilə bağlı uğurlu siyasət həyata keçirildi. Bütün bunlarla yanaşı, ağır və çətin bir vəziyyətdə vətəndaş cəmiyyətinin qurulması, azad iqtisadiyyata keçidin təmin edilməsi, torpaq islahatlarının həyata keçirilməsi, həqiqətən də, o dövr üçün misli-bərabəri görülməyən meqa layihələr idi. Həmin dövrdə kadr potensialının artırılması, gənclər siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycanın təhsil siyasətinin yenidən yazılması  və reallaşdırılması da birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. 

 

Deputat bildirib ki, doğru idarəetmə nəticəsində Azərbaycan, nəhayət, Vətən müharibəsində torpaqlarını işğaldan azad edə bildi, həm də bütün şəhidlərin qisasını ləyaqətli və ədalətli şəkildə ala bildi: “Heydər Əliyevin hakimiyyəti dönəmində Qərbi Azərbaycan məsələsi gündəmə gətirildi. 1990-cı illərin əvvəllərində siyasətdə təmsil olunan şəxslər bunu edə bilərdilər, lakin etməmişdilər. Hətta XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımıları ilə bağlı Ulu Öndərin sərəncamları oldu. Bütün bunlar imkan verdi ki, həm əsrin əvvəlində, həm də 1992-ci ildə Xocalı faciəsi zamanı törədilmiş soyqırımına siyasi qiymət verilsin, bütün bu hadisələr tədqiq edilsin. Azərbaycan ərazi bütövlüyünüm bərpası ilə bağlı bir çox dünya dövlətlərinin liderləri ilə görüşlər keçirdi, həqiqətlərin qəbul edilməsi, Azərbaycana qarşı informasiya blokadasının yaradılması üçün həmin dönəmdə atılmış addımlar müsbət effekt yaratdı. Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini Ulu Öndər təmin etdi. Allah Ulu Öndərə rəhmət eləsin. Onun ruhu şaddır. Bu gün Azərbaycan suveren dövlət kimi var olmaqdadır və Heydər Əliyevin siyasətinə sadiqdir. Azərbaycan xalqı Ulu Öndərin bizə əmanət buraxdığı müstəqil Azərbaycana və Yeni Azərbaycan Partiyasına sahib çıxıb. Bu gün də Azərbaycan xalqı YAP-nin sədri cənab İlham Əliyevin ətrafında sıx birləşib. Cənab Prezidentin bizi daha böyük qələbələrə aparacağına inanırıq. Ulu Öndəri həmişə ehtiramla yad edirik”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

 

Medianın

Tarix: 12 Dekabr 2024, 14:08   
Избранный
19
50
pravda.az

10Источники