RU

Hansı halda evdə heyvan saxlamaq olar və qaydalar NECƏ OLMALIDIR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Ancaq burada baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

O bildirib ki, bu, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda müəyyən edilib: "Həmin normanın tələblərində müəyyən məhdudiyyətlər və ev heyvanı saxlayan şəxslər üçün vəzifələr təsbit olunub.

Belə ki, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməli, heyvana lazımi səviyyədə yem və su verməli, nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli, ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı və s. vəzifələrə əməl etməlidir.

Bundan başqa heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.

Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması, ictimai iaşə müəssisələrində, qida məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanması və gəzdirilməsi də qadağandır.

Qaydaların pozulmasına görə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları həyata keçirir".

Müəllif: Söylü Ağazadə
Избранный
37
sia.az

1Источники