RU

Şəki-Zaqatala bölgəsində Ulu Öndərin xatirəsinə böyük ehtiram

Şəki-Zaqatala bölgəsi, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının böyük oğlu, unudulmaz tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü respublikamızın şimal-qərb bölgəsində dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə anılıb. Anım günü ərəfəsində idarə, müəssisə və təşkilatlarda xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Qax rayon ictimaiyyətinin, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Anım günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəs rejiminin tətbiqinə nail olub, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.

Qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub.

XXX

Zaqatalalılar da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümünü dərin hörmət və ehtiramla anıblar.

Dekabrın 12-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə insanlar səhər saatlarından başlayaraq Ulu Öndərin Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransın əvvəlində Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərə həsr edilmiş film nümayiş olunub.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının, dövlətçiliyinin tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Dövlətçiliyimizin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Dünya azərbaycanlılarının Ümummilli Lideri sayılan dahi şəxsiyyət bütün zamanlarda Vətəninə, millətinə, dövlətinə ən ali hisslərlə bağlı olub, ömrünü bu xalqın, ölkənin inkişafı, rifahı, tərəqqisi yolunda şam kimi əridib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfər, həyata keçirilən anti-terror tədbirləri ilə suverenliyimizin tam təmin olunması, qondarma "respublikanın" və 200 illik erməni xülyasının məhv edilməsi məhz Ulu Öndərin ideyalarının təntənəsi idi. Onun müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək hərbi strateqliyi ilə uzun illər gözlədiyimiz tarixi Zəfəri reallaşdırdı. İki əsrlik münaqişəyə, 30 illik savaşa, yüz minlərlə məcburi köçkünün yurd həsrətinə son qoyuldu.

XXX

Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri Ulu Öndərin Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla anıblar.

Mərasim iştirakçıları Mərkəzdə Ümummilli Liderə həsr olunmuş sərgilərə baxıblar. Qeyd olunub ki, istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

XXX

Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar Balakən, Oğuz və Qəbələ rayonlarında da silsilə tədbirlər, anım mərasimləri keçirilib.

Tədbirlərdə bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edilib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Избранный
50
azertag.az

1Источники