Temperatur 5-10 dərəcə enəcək, sulu qar yağacaq – Xəbərdarlıq
Hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yeniavaz.comxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. “Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur. Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.