Dekabrın 12-də Moldovanın paytaxtı Kişinyov şəhərində Ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Ulusal.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyində baş tutan tədbirdə ilk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilli lider Heydər Əliyevin anım tədbirini açan Azərbaycanın Moldovadakı fövqaladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan danışıb. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Bəhruz Məmmədzadə və Moldovada təhsil alan qazi tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin xatirə kompleksini ziyarət edib, kompleksin önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.