RU

"Rusiyanın hərbi bazaları Suriyada qalacaqmı?" - "Bloomberg"

"Bizim qorxu mənbəyimiz İranın silahlı dəstələri, "Hizbullah" və Əsəd rejimi olub..."
 
Rusiya Suriyanın yeni rəhbərliyi ilə bu ölkədə iki mühüm hərbi bazasına nəzarəti saxlamaq üçün saziş əldə etməyə yaxındır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Söhbət Tartusdakı hərbi-dəniz limanı və Xmeymimdəki aviasiya bazasından gedir.
 
Bu bazaların xüsusilə prezident Bəşər Əsədin devrilməsindən sonra Moskva üçün strateji əhəmiyyəti var.
 
Rusiya Müdafiə Nazirliyi güman edir ki, əvvəllər "Əl-Qaidə" ilə bağlı olan və Əsəd rejiminin süqutuna gətirib çıxaran hücuma başçılıq edən "Həyat Təhrir əş-Şam" qruplaşması ilə qeyri-rəsmi razılıq əldə edib.
 
Tartusdakı hərbi-dəniz bazası Rusiyanın Aralıq dənizində yeganə limanıdır, Xmeymim aviasiya bazası isə Afrika ölkələrində əməliyyatlarda iştirak edənlərin təchizatı üçün vacib qovşaqdır.
 
Ötən həftə Rusiya Suriyanın sabiq prezidenti Bəşər Əsədə və ailəsinə sığınacaq verib. Bu qərar 2017-ci ildə Rusiyanın Suriyada hərbi kampaniyası başlanandan sonra bazaların 49 illik icarəyə verilməsi haqqında müqavilələri faktiki olaraq mənasız edib.
 
Bu arada isə bu gün Dəməşqdə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalının iştirakı ilə danışıqlar aparılıb. Suriya İnformasiya Nazirliyinin məlumatına görə, Kalını Qətərin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Həlfan əl-Kəabi müşayiət edib.
 
Onlar Suriya üsyançılarının yeni lideri Əbu Məhəmməd əl-Culani və müvəqqəti baş nazir Məhəmməd əl-Bəşir ilə görüşüb. Bu, üsyançılar tərəfindən Bəşər Əsəd devriləndən sonra yüksək vəzifəli xarici nümayəndələrin Dəməşqə ilk səfəridir.
 
Abu Məhəmməd əl-Culani bəyan edib ki, müxtəlif ölkələrlə əməkdaşlıq etməyə hazırdır. "Sky News" nəşrinə müsahibəsində o, bəyan edib:
 
"İnsanlar müharibədən tükənib. Ona görə də daha bir müharibəyə cəlb olunmağa hazır deyil. Bizim qorxu mənbəyimiz İranın silahı dəstələri, "Hizbullah" və Əsəd rejimi olub. Onların aradan götürülməsi Suriyanın xilası qərarıdır", - o, bəyan edib.
Избранный
27
moderator.az

1Источники