RU

BİZİM TƏQVİM: 13 dekabrda baş vermiş tarixi hadisələr

13 dekabr 1922-ci ildə Azərbaycan, Ermənistan, Gürcüstan nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən I Zaqafqaziya Sovetlər Qurultayında (10-13 dekabr) Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. 

“Zaqfederasiya”nın əsası 1922-ci il martın 12-də Rusiyanın təşəbbüsü ilə təsis edilən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı ilə qoyulmuşdu. Qurultayda federasiyanın Tiflisdə yerləşəcək rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (sədr N.Nərimanov) seçilib. ZSFSR-in yaranması ilə Azərbaycan SSR formal müstəqillikdən də məhrum oldu. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belarusiya SSR ittifaq dövlətini – SSRİ-ni təsis etdilər. “Zaqfederasiya” 1936-cı ilədək mövcud oldu və həmin il üç respublika SSRİ-nin müttəfiq subyektinə çevrildi.

Bəs, dekabrın 13-də dünyada daha nələr olub?


1. 1920-ci ilin bu günü Millətlər Cəmiyyəti Haaqada Beynəlxalq Ədalət Məhkəməsini təsis edib. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. 


2. 13 dekabr 1957-ci ildə İranda meydana gələn 7,1 bal gücündə zəlzələdə 1130 adam həlak oldu.

3. 1960-cı ilin 13 dekabrında Fransa prezidenti Şarl de Qollun (Charles de Gaulle) Əlcəzair səfəri zamanı çıxan hadisələrdə 123 adam həyatını itirdi.

4. Yunanıstan kralı II Konstantin ölkədə rəhbərliyi ələ keçirən hərbi cuntaya qarşı 13 dekabr 1967-ci ildə hərəkətə keçdi, ancaq uğursuzluğa düçar oldu. Larissada orduya və xalqa çağırış edən kral ümid etdiyi dəstəyi tapa bilmədiyi üçün ailəsiylə birgə İtaliyaya qaçdı.


5. 1981-ci il 13 dekabrda Polşada general Voytsex Yaruzelski hökuməti tərəfindən hərbi vəziyyət elan olundu və Həmkarlar Təşkilatının 14 min üzvü həbs edildi.

6. Müasir Azərbaycan Respublikasının müstəqilliyi 1991-ci il dekabrın 13-də Pakistan dövləti tərəfindən tanındı.

7. 13 dekabr 1995-ci ildə Avropa Parlamenti Türkiyənin Gömrük Birliyinə daxil olmasına razılıq verdi.  

8. 2002-ci ilin 13 dekabrında Avropa İttifaqı tarixinin ən böyük genişlənməsini elan etdi: 10 namizəd ölkənin 2004-cü ilin 1 mayından ittifaqa üzv olacağı açıqlandı.


9. ABŞ-ın İraqı işğalından sonra Bağdaddan qaçan ölkə başçısı Səddam Hüseyn doğulduğu Tikrit yaxınlığında gizləndiyi sığınacaqda 13 dekabr 2003-cü ildə Amerika əsgərləri tərəfindən tutuldu. Onun həbsi İraqın müqavimət hərəkatı üçün dönüş nöqtəsi oldu.

10. 2017-ci il 13 dekabrda İslam Əməkdaşlıq Təşkilatı İstanbulda ABŞ-ın Qüdsü paytaxt kimi tanıması və səfirliyini ora daşıma qərarını müzakirə etmək üçün fövqəladə toplantı keçirdi. 48 ölkədən 16 ölkə başçısı və digər ali rəsmi nümayəndələrin qatıldığı zirvə toplantısında ABŞ-ın qərarına etiraz və Fələstin dövlətinin paytaxtının Şərqi Qüds olduğu bildirildi.  


13 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur alman astronomu İohan Kepler 1571-ci ilin bu günü Vyurtemberq şəhərində dünyaya gəlib. Astronomiyaya dair ilk əsərini – “Kainatın sirri”ni 25 yaşında qələmə alan gənc alim sonra özünün ixtira etdiyi teleskopdan bəhs edən “Dioptrika” kitabını yazıb (1571-1630).

2. Böyük alman şairi və publisisti Henrix Heyne 1797-ci ilin 13 dekabrında anadan olub. Henrix Heyne Azərbaycan ədəbiyyatı ilə də maraqlanıb: məqalələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib (1797-1856).

3. Rus ədəbiyyatında simvolizmin nümayəndələrindən sayılan Valeri Bryusov 1873-cü ilin bu günü Bakıda anadan olub (1873-1924).

4. Misirin Qahirə şəhərində dünyaya gəlmiş Türkiyə siyasətçisi, diplomat və yazıçı Yaqub Qədri Qaraosmanoğlu 1974-cü ilin 13 dekabrında 85 yaşında Ankarada dünyasını dəyişib (1889-1974).

5. 1979-cu ilin bu günü Türkiyə ədəbiyyatının tanınmış ismi – yazıçı Behçet Necatigil İstanbulda 63 yaşında həyatla vidalaşıb (1916-1979). 

6. 13 dekabr 1929-cu ildə şərqşünas alim, professor Saleh Əliyev (1929 – 21.11.2006) anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.

7. 13 dekabr 1937-ci ildə Əməkdar memar Abbas Ələsgərov (1937 – 18.2.2018) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

Surxay Atakişiyev, Bizim.Media

 

Избранный
51
30
bizim.media

10Источники