Qərbi Azərbaycandan qaçqın düşmüş azərbaycanlılarla bağlı çağırışların səslənməsi, yüz minlərlə insana ədalət istənilməsi Ermənistanı qorxuya salıb
Son dövrlər qərbi azərbaycanlıların beynəlxalq təminat altında ləyaqətli şəkildə öz tarixi yurdlarına - indiki Ermənistan ərazisinə qayıtması məsələsi həm yerli, həm də beynəlxalq platformalarda müzakirə edilir. Bu mövzudan bəhs edilərkən qeyd olunur ki, onların mal-mülkünə, özlərinə dəymiş maddi-mənəvi ziyana görə Ermənistan dövləti soydaşlarımıza həm kompensasiya ödəməlidir, həm də rəsmi İrəvan zərərçəkənlərin geri qayıdışını təmin etməlidir.
Xüsusilə də Bakıda Qərbi Azərbaycanla bağlı dünyanın 50-dən çox ölkəsindən gəlmiş beynəlxalq tədbirdə, o cümlədən Milli Məclisin ev sahibliyi ilə keçirilən konfransda Qərbi Azərbaycandan qaçqın düşmüş azərbaycanlılarla bağlı çağırışların səslənməsi, yüz minlərlə insana ədalət istənilməsi Ermənistanda rezonans doğurub. Çarəsiz revanşistlər isə öz aləmlərində Azərbaycanı “çətinə” salacaqlarını zənn edirlər və yenə də sərsəm iddiaları gündəmə gətirməyə çalışırlar.
“Bakı-xəbər” yazır ki, bu məsələ aktuallaşandan sonra Ermənistandakı bəzi qüvvələr meydana çıxıb uydurma “Şirvan, Girdiman və Naxçıvan” “təşkilatından danışırlar. Yada salaq ki, hələ Vətən müharibəsi dövründə, eləcə də 23 saatlıq antiterror tədbirlərindən sonra Ermənistan tərəfi bu qondarma qurumu gündəmə gətirir, onun adından uydurma bəyanatlar yayır. Amma məsələ burasındadır ki, indi bu yalan təbliğatına Ermənistan Milli Elmlər Akademiyası da qoşulub. Bu qurumda "Şirvan, Girdiman və Naxçıvan erməniləri: yerli əhalidən qaçqına qədər" mövzusunda konfrans keçirilib. Qondarma tədbirdə iddia olunub ki, guya ermənilər Azərbaycan ərazisində “minillər boyu yaşayıblar” və sonradan “deportasiya” olunublar. Guya 1918-1920-ci illərdə Şirvan, Girdiman və Naxçıvan bölgələrində “yerli erməni” əhaliyə qarşı “kütləvi qırğınlar törədilib və bir çox ermənilər bu səbəbdən öz yaşayış yerlərini tərk edərək ”qaçqın vəziyyətinə düşüblər". Bura erməni təxribatçılarının təşkil etdiyi sübuta yetirilmiş “Sumqayıt hadisələri”ni də qatıblar.
Ermənilər Azərbaycanda, Cənubi Qafqazda minillər boyu yaşamayıb, bura onların tarixi vətəni, torpağı deyil. Ermənilər Cənubi Qafqaza, Azərbaycan torpaqlarına XIX əsrdə köçürülüb. Onların bura köçürülməsində Çar Rusiyası və bəzi böyük dövlətlər əsas rol oynayıb. Şirvanda, Naxçıvanda, Qarabağda, Girdimanda tarixən erməni yaşamayıb. Sözügedən bədnam tədbirdə deyiblər ki, ermənilərin “beynəlxalq təminat altında” öz “ata-baba yurdlarına” qayıtması məsələsini həll etmək istəyirlər. Bu azmış kimi, iddia edirlər ki, ermənilərin və onların övladlarının “itirdikləri əmlaka görə” guya kompensasiya “almaq hüququ” var.
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, hayların buna bənzər uydurma qurumları yenilik deyil: “Onlar Birinci Qarabağ savaşı ərəfəsində və dərhal sonra da Naxçıvanı və Azərbaycanın Kürədək digər torpaqlarını ələ keçirmək planlarını "tarixi", “hüquqi” və ideoloji baxımdan əsaslandırmaq üçün “Naxçıvan”, “Qandzak” və sair adlar altında yığnaqlar yaratmışdılar. Planları baş tutmadı, işğal etdikləri Qarabağ və Şərqi Zəngəzurdan da vurulub çıxarıldılar. Amma indiki yığınaqları və yığıncaqları daha çox Qərbi Azərbaycan İcmasının doğma yurdlarına qayıtmalarının və ardınca baş verəcək proseslərin qarşısını almağa xidmət edir. Yəni guya kontraddımlar atır, etdiklərimizi yamsılamaqla çalışırlar". S.Alıyev əminliklə qeyd etdi ki, Qərbdəki bəlli çevrələrdən də güclü dəstəyə baxmayaraq, haylar bu məqsədlərinə çatmayacaqlar: “Çünki dünya beşdən böyük olmaqla yanaşı, təkcə Qərbdən də ibarət deyil. Əgər dünya, yaxud da beynəlxalq ictimaiyyət təkcə Qərbdən ibarət olsaydı, məsələn, COP29 Azərbaycanda keçirilməyəcəkdi, eyni zamanda biz hələ bu günə qədər də öz torpaqlarımız üzərində suverenliyimizi təmin edə bilməyəcəkdik. Amma etdik və Qərb fundamentalizminin qarayaxmalarına, onu boykot cəhdlərinə rəğmən COP29-u yüksək səviyyədə keçirdik. Yurdumuza-Qərbi Azərbaycana da dönəcəyik”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq səyləri, əlbəttə, Ermənistan və havadarlarını çox narahat edir: “Bu günlərə Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi Komitəsinin sessiyası çərçivəsində keçirilən brifinqdə də bu məsələ ilə bağlı komitə üzvlərinin mənə sualları oldu. Erməni tərəfi israr edir ki, bu köçürmələr Ermənistanın BMT-nin İrqi-Ayrı Seçkiliyin Ləğvi Haqqında Konvensiyaya qoşulmasından əvvəl baş verib. Biz isə komitə üzvlərinə izah etdik ki, bu hesabat dövründə deyil, daha əvvəl baş versə də, indi həmin insanlar icmalarını yaradıb və tarixi vətənlərinə dinc yolla dönmək istəyir. Ermənistan hakimiyyəti isə repatriatsiya planı təqdim etmək əvəzinə, Azərbaycan xalqına məxsus mədəni irs nümunələrini dağıtmaqla məşğuldur. Sessiyada komitə üzvləri Ermənistan nümayəndə heyətini sual atəşinə tutmuşdu”. S.Məmmədov qeyd etdi ki, bundan sonra Ermənistan daha da fəallaşıb və ortaya “əks arqumentlər” qoymağa daha ciddi çalışıb: ""Şirvan, Girdiman və Naxçıvan" adlanan təşkilat çoxdan yaranıb və qlobal erməniçilik onun saxta məlumatlarını xeyli müddətdir yayır. Əgər lap uzaq tarixə baş vurulursa, o zaman bizim də deməyə sözümüz var. Yüz ildən bir qədər əvvəl indiki Ermənistan ərazisi Azərbaycanın qərb hissəsi idi və onun əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Azərbaycanda ermənilər yaşayıb və müəyyən sayda erməni mənşəli əhali indi də yaşayır. Amma köçənlərin əksəriyyəti mənzillərini və əmlaklarını yaxşı qiymətə satıb gedib". S.Məmmədov digər məsələyə də diqqət çəkdi və bildirdi ki, sülh nağılları ilə status-kvonu saxlamağa çalışan Ermənistanda hələ də reallığı anlamayıb, vəziyyəti yenidən gərginləşdirməyə çalışan qüvvələr kifayət qədərdir. Özü də onlar beynəlxalq səviyyədə təxribatlarla məşğuldur: “Qarabağdan köçən ermənilər hazırda kütləvi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinə mülkiyyət hüquqlarının pozulması ilə bağlı Azərbaycana qarşı şikayətlər verirlər, halbuki heç kəs onların daşınmaz əmlakını əlindən almayıb. 1992-ci ilin yanvarına qədər Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilər və onların övladları vətəndaşlığını bərpa edə bilərdi. Onlara hər cür təminat verilmişdi. İstəmədilər. Onların əmlakını əllərindən alan olmasa da, şikayətlər verib, kompensasiya tələbləri irəli sürür”. Hüquqşünasın sözlərinə görə, bu hay-küyün də arxasında Azərbaycana qarşı beynəlxalq hüquq və informasiya müstəvisində aparılan müharibə durur. S.Məmmədov qeyd etdi ki, “Şirvan, Girdiman və Naxçıvan” tipli başqa dövlətə ərazi iddası sürən qurumların arxasında hakimiyyət, erməni lobbisi və onların havadarları durur: “Bu baxımdan Azərbaycan haqlı olaraq konstitusiya aktı səviyyəsində Azərbaycana qarşı ərazi iddası sürən dövlətlə sülh müqaviləsinin bağlanmasını mümkün hesab etmir. Ən azı konstitusiyadan bu müddəalar çıxarılmalıdır. Daha sonra isə beyinlərdən. Məhz ondan sonra sülh və əmin-amanlıq istiqamətində real nəticələr əldə edilə bilər. Bundan sonra əlbəttə, gediş-gəlişin də bərpa olunması mümkündür. İndiki halda erməni mənşəli əhalinin Azərbaycanın Qarabağ bölgəsinə qayıdışı, azərbaycanlıların tarixi vətənlərinə qayıdışına paralel olaraq baş tuta bilər”.
E.PAŞASOY,
“Yeni Müsavat”