RU

Azərbaycanda radioyayım öncül mövqeyə çıxıb

15 milyon manatlıq dövlət yardımı yüksək keyfiyyətə təminat yaradıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bugünü və sabahı” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi, Dövlət Radiotezliklər İdarəsi, eləcə də ümumölkə radio yayımçılarının nümayəndələrinin iştirak etdiyi toplantıda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi nəticəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı hədəflər müzakirə edilib.

Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb. Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ulu öndərin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə, bilavasitə onun iştirakı ilə istismara verilməsi qürurla xatırlanıb. Bunun yaratdığı texniki imkanlarla ölkədə televiziya və radioyayımın keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılması bildirilib.

Qeyd edilib ki, FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radio yayımların dayandırılmasına imkan verib. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.

Seminarda məlumat verilib ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti müvafiq sərəncamlar imzalayıb.

Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla, ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı keyfiyyətli radioyayımını təmin edib.

Daha sonra bildirilib ki, ölkə əhalisinin istifadə etdiyi radioyayımların daha geniş ərazidə və keyfiyyətli yayımının təmin edilməsi zərurəti ilə bağlı ölkə Prezidenti İlham Əliyev 24 iyul 2023-cü il tarixində “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” sərəncam imzalayıb və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 Radio-Televiziya Yayım Stansiyasında quraşdırılmaqla, eyni zamanda, infrastrukturun dayanıqlılığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilib. Qeyd edilən sənəddə ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da radio yayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.

Nazirlikdən verilən məlumata görə, son 5 ildə radio proqramlarda müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilib və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” radioyayım sahəsində rəqəmsal yayıma keçid üçün mühüm sənəddir.

Bu planın icrası nəticəsində 2019-cu ildən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində yayımına başlanılmış DAB+ standartlı rəqəmsal radionun ölkənin bütün ərazisinə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ilin sonunadək Bakı Teleqüllə Kompleksindən aparılan DAB+ radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasından DAB+ yayımın təşkili planlaşdırılır.

Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.

Özəl radio yayımçıları müzakirələrdə fəal iştirak etdilər, dövlət tərəfindən göstərilən dəstəyə, yaradılan əlverişli fəaliyyət şəraitinə görə dövlət orqanlarına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının yeni-yeni uğurlarla davamlı inkişafa səbəb olacağına əminlik ifadə edildi.

Qəzənfər QASIMOV
XQ

Избранный
11
10
xalqqazeti.az

10Источники