RU

Dünyanı heyran qoyan azərbaycanlının nurlu xatirəsi

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü tamam oldu. Həyatını bütünlüklə ölkəsinə həsr edən Ulu öndərin xatirəsi hər il olduğu kimi, bu il də ölkəmizdə böyük ehtiramla yad edildi. Taleyin çətin sınaqları ilə üzləşən zaman öz həyatını təhlükəyə ataraq, heç nədən qorxmadan, çəkinmədən doğma xalqının imdadına çatan Ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq insanlar Fəxri xiyabana dəstə-dəstə axın etdilər. Eləcə də bütün idarə və müəssisələrdə, əmək kollektivlərində Ulu öndərlə bağlı anım mərasimləri keçirildi.

Dünən Ulu öndərin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkındakı abidəsi ziyarət olunub. Tədbirdə İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Sarıyer bələdiyyəsi sədrinin müavini Meltem Yücel Pir, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları, ziyalılar, media və QHT nümayəndələri iştirak ediblər.

Mərasimdə Ümummilli liderin Azərbaycan–Türkiyə münasibətlərinin, eləcə də Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar. Çıxış edənlər Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan Qarabağ Zəfərini də vurğulayıblar.

***

Ulu öndərin anım günü ilə bağlı daha bir tədbir Qazaxıstandakı səfirliyimizdə baş tutub. Səfir Ağalar Atamoğlanov bildirib ki, Heydər Əliyev beynəlxalq arenada gərgin diplomatik iş aparıb, çoxsaylı dövlətlərlə danışıqlar nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçılıq siyasətinin pislənməsi ilə bağlı qətnamələrin qəbul edilməsinə nail olub: “Heydər Əliyev Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Onun təşəbbüsü ilə reallaşdırılan nəhəng iqtisadi layihələr ölkəyə böyük maliyyə vəsaiti gətirməklə yanaşı, güclü ordunun qurulmasına da şərait yaradıb”.

Diplomat xatırladıb ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub və bu çərçivədə Qazaxıstanda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda, Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib, onun haqqında Qazaxıstan TV sənədli film çəkib və “Qazpoçt” tərəfindən poçt markası buraxılıb. Bütün bunlar Heydər Əliyevin xidmətlərinin və irsinin unudulmaz olduğunu göstərir.

***

Ulu öndərin anım günü ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Daşkənddəki Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.

Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizi dünyaya tanıtdığını bildirən H.Quliyev deyib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparılıb, uğurlu nəticələr əldə edilib. Səfir Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında danışıb.

Səfir qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin yaranması və inkişaf etdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Eyni din, dil, tarix və mədəniyyətə malik iki qardaş xalq arasında münasibətlər hazırda yüksək səviyyədədir və bu istiqamətdə fəaliyyət davam edir.

***

Azərbaycanın Tacikistandakı səfirliyində keçirilən mərasimdə səfir Əlimirzamin Əskərov görkəmli dövlət xadiminin həyat yolundan, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi əvəzedilməz xidmətlərdən danışıb. Bildirib ki, onun səyləri nəticəsində respublikamızda vətəndaş qarşıdurmasının qarşısı alınıb, sabitlik bərpa olunub, ölkə inkişaf yoluna qədəm qoyub.

Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının və suverenliyinin tam bərqərar olması ilə nəticələndiyini, ölkəmizin sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətə çevrildiyini vurğulayan səfir, həmçinin Ulu öndərin Azərbaycan–Tacikistan münasibətlərinin inkişafındakı xidmətlərini diqqətə çatdırıb.

***

Ulu öndərin vəfatının 21-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub. Ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu öndərin Kür çayının sağ sahilindəki xatirə lövhəsi və Rustavi şəhərindəki abidəsi ziyarət olunub.

Dünya şöhrətli siyasi xadimin vəfatının 21-ci ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif bölgələrində də anım tədbirləri, sərgi və dəyirmi masalar təşkil edilib.

***

Dahi şəxsiyyətin xatirəsi ölkəmizdən kənarda da yad edilib. Ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyində keçirilən mərasimdə səfirliyin əməkdaşları ilə yanaşı, bu ölkədə yaşayan soydaşlarımız, Türkiyənin Pretoriyada akkreditə olunan diplomatları, eləcə də CAR-ın ictimai-siyasi dairələrinin təmsilçiləri iştirak ediblər.

Müvəqqəti işlər vəkili Hüseyn Rəhimli çıxışında Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən söz açıb, Ulu öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi rolunu qeyd edib. O, Ümummilli liderin müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daim yaşayacağını, Heydər Əliyev irsinin gələcək nəsillərə örnək və tədqiqat mövzusu olduğunu bildirib.

Türkiyə səfirliyinin müşaviri Nedim Kaya Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bir sıra layihələrin icrasında yaxından iştirak etdiyindən söhbət açaraq, Ümummilli lider haqqında xatirələri bölüşüb, onun Azərbaycan dövlətinin inkişafındakı əvəzsiz rolundan bəhs edib.

***

İsveç Krallığındakı səfirliyimizdə keçirilən toplantıda çıxış edən səfir Zaur Əhmədov Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Ümummilli liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz bunun nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazilərimizi işğaldan azad edib.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, onun gələcək nəslə ötürülməsi, eləcə də mədəniyyət və incəsənətimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin geniş miqyasda təbliği istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rolu xüsusi vurğulanıb.

***

Almaniyadakı səfirliyimiz isə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müasir Azərbaycan Respublikasının banisi və Ümummilli lideri” adlı tədbir təşkil edib. Səfir Nəsimi Ağayev Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal edilən Azərbaycan müstəqilliyin itirilməsi, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən məhz Heydər Əliyevin sarsılmaz qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində xilas olaraq, dinamik inkişaf yoluna qədəm qoyub.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının Heydər Əliyevin ən böyük arzusu olduğunu bildirən səfir bu arzunun artıq reallığa çevrildiyini və Ulu öndərin ruhunun şad olduğunu qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirin iştirakçılarına Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.

***

Moldovanın paytaxtı Kişineuda keçirlən toplantıda səfirliyimizin kollektivi, diaspor nümayəndələri və Qarabağ qaziləri Ulu öndərin büstü önünə tər çiçəklər düzüb, Ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Ülvi Baxşəliyev Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında rolu barədə ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Azərbaycan–Moldova münasibətlərinin memarıdır.

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Leyla Abdullayeva çıxış edərək bildirib ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin təməlində Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən xarici və daxili siyasəti dayanır.

L.Abdullayeva qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub və möhkəmlənib.

Tədbirdə Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan–Fransa münasibətlərinin tarixi, ümummilli liderin Fransaya ilk səfəri, o zamankı Prezident Fransua Mitteranla görüşündən söz açıb. “Mitteran Azərbaycanın bölgədəki yerini və rolunu, iqtisadi potensialını, ən əsası isə Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi. Çünki Mitteranın SSRİ ilə əlaqələri vardı və Heydər Əliyev Moskvada çalışdığı vaxtlardan onu tanıyırdı” – deyə Həsən Həsənov qeyd edib. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı olduğu kimi dünyaya göstərmək, problemlərini, ölkəmizə qarşı təcavüzü beynəlxalq aləmə çatdırmaq istəyirdi. Bu kimi səfərlərin əsas məramı Azərbaycanın real vəziyyətini beynəlxalq aləmə çatdırmaq idi. Ölkəmizin buna böyük ehtiyacı var idi. Heydər Əliyev də bunu hamıdan yaxşı və çox inandırıcı şəkildə edə bilirdi.

Hazırladı:
Q.KƏNGƏRLİ,
S.NAZİMOĞLU
XQ

Избранный
41
xalqqazeti.az

1Источники