Dünən Fəxri xiyabanda böyük izdiham vardı. Vəfatının 21-ci ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün hamı bu məkana üz tutmuşdu. Onlar Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə gül dəstələri qoyurdular.
Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ildönümü ilə əlaqədar anım tədbirləri keçirildi, sərgi və filmlər nümayiş etdirildi. Fəxri xiyabanı ziyarət edən soydaşlarımızın ürək sözlərini öyrəndik.
“Xalq qəzeti” ilə təəssüratını bölüşən beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi: Azərbaycan torpağı dünyaya bir çox nadir şəxsiyyətlər bəxş edib. Ölkəmiz üzləşdiyi bütün çətinlikləri mərdliklə və qürurla dəf edərək, hazırda çiçəklənmə və tərəqqi dövrünü yaşayır. Tarix ayrı-ayrı şəxslərin hadisələrdəki rolunu müxtəlif cür əlaqələndirə bilər. Təkzibolunmaz fakt ondan ibarətdir ki, müstəqil və suveren Azərbaycanın əsaslarını ötən əsrin 60-cı illərindən başlayaraq qoyan, 1993-cü ildən 2003-cü illərdə onu möhkəmləndirən məhz Heydər Əliyev olub. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə müasir dünyada söz sahibinə çevrilmiş ölkəsidir.
Yaşadığımız qloballaşma dövründə ayrı-ayrı ölkələrdə yeni formalaşma prosesi, obyektiv olaraq, məhz qlobal proseslərin təsiri altında baş verir. Bu tendensiya son illər özünü daha qabarıq göstərir. Müasir cəmiyyətin və dövlətin əsas vəzifələrindən biri ahıl nəslin təcrübəsini cəmiyyətin gənc üzvlərinin qətiyyəti və fəallığı ilə uzlaşdırmaqdır. Yeni dünyanın düzəni gəncliyin yanaşmasından birbaşa asılıdır. Azərbaycanda gənclər siyasətinin əsasının qoyulması, onun milli-mənəvi dəyərlər əsasında formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev Azərbaycan gəncliyini cəmiyyətin, bütövlükdə müstəqilliyinin sərvətinə çevirdi.
* * *
Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü müasir Azərbaycanın banisi Heydər Əliyevin nəhəng dövlətçilik təcrübəsi, siyasi fəhmi və iradəsi ilə dövlətimizin formalaşmasında müstəsna xidmətindən danışdı:
– “Heydər Əliyev sayəsində Azərbaycan dövləti dağılmaqdan, xalqımız isə parçalanmaqdan xilas oldu. Ulu öndərin vəfatından sonra onun irəli sürdüyü ideyalar, dövlətçiliyin qorunması ilə bağlı tövsiyələri Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün öz bəhrəsini verir. İlham Əliyev bu siyasəti davam etdirərək, torpaqlarımız işğaldan azad etdi, Azərbaycanı güclü bir dövlətə çevirməyi bacardı. Heydər Əliyevin ideyaları bu gün də dövlətimizin inkişafına xidmət edir.
* * *
“Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq”. Bunu “Optimist Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyin sədri Habil Niftalı dedi. O, daha sonra bildirdi: Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq edib: “Ulu öndərin müəllifi olduğu siyasi strategiyanın uğurlu davamı sayəsində xalqımız qələbədən-qələbəyə addımladı, Azərbaycan dünyada böyük söz sahibinə, regionun liderinə çevrildi. Bu gün hər birimiz Heydər Əliyevin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq. Heydər Əliyev fenomeninin ən mühüm göstəriciləri Azərbaycançılıq məfkurəsinin, milli ruhun oyanışı, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplərdir”.
* * *
Siyasi şərhçi Aydın Quliyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycan KP MK-nın Birinci katibi kimi gördüyü böyük işlərin, demək olar ki, əksəriyyətində sanki Azərbaycanın müstəqillik dövrünə hazırlığın əlamətlərini görmək mümkündur:
– “O zaman bütün sahələrdə milli kadrlara önəm verilməsi, xüsusilə hərbi təhsil sahəsində yeni bir mərhələnin açılması, ölkənin sənaye potensialının artırılması üçün çox əhəmiyyətli addımların atılması bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyinə həqiqətən o dövrdən başlayaraq hazırlıq prosesi gedirdi. Doğrudan da, Heydər Əliyev istedadlı strateq, siyasi xadim, milli kadr kimi Azərbaycanın nə zamansa müstəqil olacağını hamıdan əvvəl görür və buna inanırdı. Bu gün onun ruhu həm də buna görə şaddır”.
Rizvan FİKRƏTOĞLU
XQ