Almaniyada təhlükə xəbərdarlığı: ərzaq və su ehtiyatı yığın!
Almaniyada rəsmi qurumların ictimaiyyətə çağırışları təkcə almanları deyil, Avropanın digər ölkələrində də narahatlığa səbəb olub.
Reyting.az xatırladır ki, Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) vətəndaşlara diqqətəlayiq bir çağırış edərək, hər evə ən azı üç gün ərzində ehtiyaclarını ödəmək üçün hazırlıq görməyi tövsiyə edib.
Açıqlamada qida, su, nağd pul, akkumulyatorla işləyən radio və batareya kimi əsas ehtiyacların yığılmasının vacibliyi vurğulanıb.
BBK-nın vitse-prezidenti Rene Funkun sözlərinə görə, Almaniyanın təkcə hərbi müdafiə qabiliyyəti deyil, mülki müdafiə və fəlakətdən mühafizə imkanları da artırılmalıdır.
Funk vətəndaşları fövqəladə hallara və elektrik enerjisinin uzunmüddətli kəsilməsinə hazır olmağa çağırıb:
“Elektrik kəsilməsi təkcə işıqlandırmaya deyil, həm də yemək bişirməyə, su təchizatı və rabitəyə təsir edir. Biz internetin kəsilməsi və bankomatların sıradan çıxması kimi hallarla da rastlaşa bilərik”.
Almaniyanın kritik infrastrukturuna qarşı son dövrlərdə xarici texniki və hibrid hücumların artdığını bildirən Rene Funk deyib: “Hər gün çox sayda kiberhücuma məruz qalırıq. Lakin bir çox insanlar elektrik enerjisinin kəsilməsinin yarada biləcəyi ciddi problemlərdən xəbərsizdir”.