Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilədə nəzərdə tutulan hallar nəzərə alınmaqla, ikili vətəndaşlıq tanınmır. Bəzi şəxslər müraciət edir ki, digər xarici ölkələrin vətəndaşıdır və orda xidmət keçiblər.
Modern.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin keçirilən iclasında bildirib.
“Qərar verilir ki, bunların vətəndaşlıq məsuliyyəti tanınsın. Bu qərardan sonra biz onları hərbi xidmətə cəlb edəndə böyük narazılığa səbəb olur. Deyirlər ki, xidmət keçmişəm, çağırışdan azad edilmişəm, iki uşağım var və s”.
A.Babayev deyib ki, qanuna görə, doğulduğu anda hər iki valideyni Azərbaycan vətəndaşı olan şəxslər hərbi xidmət keçməlidir.
“Müraciət edənlərin bəzilərinin valideynlərinin biri başqa ölkə vətəndaşı olur. İndiki dəyişikliyə görə, kimsə Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, ona Azərbaycanda hərbi xidmətdən azadetmə tətbiq ediləcək”.