RU

Ekspert: "Yaşı 30-dan yuxarı olan şəxsdən effektiv həqiqi hərbi xidmət gözləmək olmaz"

Məlum olduğu ki, Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. İrəli sürülən təkliflərdən biri də hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

Məsələ ilə bağlı e-huquq.az-a danışan hərbi ekspert Ramil Məmmədli bu təklifi müsbət qiymətləndirdiyini söyləyib: “Ümumiyyətlə həqiqi hərbi xidmətə çağırışla bağlı zaman-zaman müəyyən müzakirələr gedib. Xüsusilə Vətən müharibəsindən sonra bu məsələ ilə bağlı yeniliklərin edilməsi müzakirə mövzusu olub. Artıq müharibə bitib. Azərbaycanda öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyət ilə bağlı hər hansı problemi yoxdur. Əslində Azərbaycan gənclərinin sayı müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35-dən 30-a endirilməsinə imkan verir. Qeyd edim ki, həqiqi hərbi xidmət ilə bağlı digər təkliflər də müzakirə edilir.  Söhbət həm də müddətli həqiqi hərbi xidmət müddətinin də məhdudlaşdırılmasından gedir".

“Bununla yanaşı, ali təhsili olmayan çağırışçıların da xidmət müddətinin 18 aydan bir qədər azaldılması da gündəmdədir.Bu, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalardan biridir. Bəzi ölkələrdə yaş həddi 27-28 yaş olaraq müəyyən edilib. Düşünürəm ki, bu dəyişiklik çox doğru addımdır. Çünki 30 yaşdan yuxarı hərbi xidmətə çağırışçıdan effektiv həqiqi hərbi xidmət gözləmək də olmaz. Fikrimcə, irəli sürülən təklif Azərbaycan cəmiyyətində də müsbət qarşılanacaq”, - deyə ekspert əlavə edib.

Şəbnəm Mehdizadə
Избранный
11
e-huquq.az

1Источники