RU

Səttar Bəhlulzadənin 115 illiyi qeyd olundu - FOTOLAR

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 115 və dahi Azərbaycan şairi, mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Səttarın Füzulisi” adlı tədbirdə iştirak edib.

Musavat.com xəbər verir ki, Səttar Bəhlulzadənin ev muzeyində təşkil olunmuş tədbirdə muzeyin direktoru Pərzad Abdinova qonaqları salamlayaraq Səttar Bəhlulzadənin yaradıcılığında XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə və onun “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına həsr edilmiş əsərlərindən söhbət açıb, sərginin yaranma ideyası barədə məlumat verib, “Səttarın Füzulisi” adlı kataloqun ilk nüsxəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu qeyd edib. O, bildirib ki, xalq tərəfindən hər zaman xatırlanan dahi rəssamın fırçasının məhsulu olan əsərlərinin bu gün də ölkə xaricində sərgilənməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. RİH başçısı Səttar Bəhlulzadəyə məxsus Diplomu ev muzeyinə hədiyyə edib.

Tədbirdə digər çıxışçılar da S.Bəhlulzadə sənətindən söhbət açaraq Füzuliyə həsr olunmuş portretlərindən bəhs ediblər.

Daha sonra Füzuli, Məcnun və Leylinin rəssam tərəfindən yaradılmış obrazlarının əks olunduğu videoçarx nümayiş olunub.

Tədbir muğam üçlüyünün çıxışı ilə davam edib, xanəndə Məmməd Nəcəfov Füzulinin qəzəlləri əsasında yazılmış musiqi əsərlərini ifa edib.

Sonda rəssamın şəxsi kolleksiyalarda qorunan və böyük əksəriyyəti ilk dəfə nümayiş olunan Füzuli mövzusuna həsr edilmiş boyakarlıq və qrafika işlərinə baxış keçirilib. Sərgidə “Şəbi Hicran”, “Füzuli", “Məcnun”, “Leyli” və b. rəsmlər sərgilənib.

Избранный
1
3
musavat.com

4Источники