RU

Türkiyə-Ermənistan sərhəd görüşlərinin yeni mərhələsi başladı...

Image

Elsad Musayev: "Ermənilərin və onların arxasında duran qüvvələrın niyyəti ondan ibarətdir ki, bu yolla Azərbaycanla Türkiyəni bir-birindən uzaqlaşdırsınlar"

Ermənistan və Türkiyənin bir sıra dövlət idarələrinin nümayəndələri sərhəddə görüş keçirib. Bunu Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.

İclasda həm dəmir yollarının fəaliyyətinə, həm də əvvəllər razılıq əldə edilmiş Ani körpüsünün bərpasına cavabdeh olan dövlət idarələrinin nümayəndələri iştirak edib.

Rubinyanın qeyd etdiyi kimi, dəmir yolunun işə salınması ilə bağlı heç bir siyasi razılaşma yoxdur. Lakin müzakirələr zamanı tərəflər belə bir zərurət olduğunu anladıqlarını bildiriblər.

Ermənistan parlamentinin vitse-spikerinin sözlərinə görə, görüş “pozitiv və konstruktiv atmosferdə” keçib.

Ermənistanın normallaşmaya hazır olmasına baxmayaraq, sərhədin hələ də bağlı qalmasını Rubinyan Ankarada siyasi həll yolunun olmaması ilə izah edir və buna təəssüflənir. Lakin onun sözlərinə görə, proses davam edir və uğur həm regionda sabitliyə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına böyük töhfə verəcək.

Sərhəd keçid məntəqəsinin işə salınması ehtimalı ilk dəfə bu ilin iyulunda Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında sərhəddə baş tutan görüşdən sonra elan edilib.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və zəruri proseslərin başlanması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb.

Göründüyu kimi, Turkiyə-Ermənistan sərhədinin açılması müzakirə edilib, lakin heç bir nəticə ortada yoxdur, Ankara məsələnin hələlik siyasi həll yolunun olmadığını deyir. Türkiyə  Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, bizimlə kommunikasiyaları açmadan öz sərhədlərini İrəvanın üzünə aça bilərmi?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran siyasi şərhçi Elşad Musayev bildirdi ki, bu görüş sərhədlərin - kommunikasiyaların açılması ilə bağlıdır: "Əvvəl yalniz avtomobil yolunun açılması nəzərdə tutulurdu. Amma son zamanlar dəmir yolunun da açılması məsələsi müzakirə mövzusuna çevrildi. Əgər münasibətlər normallaşarsa, ermənilər də etiraf edir ki, bu dəmir yolu xəttinin açılması Ermənistan iqtisadiyyatına nəfəs verə bilər. Yalnız bu o halda baş ver bilər ki, Azərbaycanla Ermənistan arasında münasıbətlər normallaşsın, sülh müqaviləsi bağlansın və bizimlə kommunikasiyalar açılsın.

Ermənilərin və onların arxasında duran qüvvələrın niyyəti ondan ibarətdir ki, bu yolla Azərbaycanla Türkiyəni bir-birindən uzaqlaşdırsınlar. Onlar istəyir ki, Türkiyə Azərbaycanla münasibətlərdən asılı olmayaraq Ermənistanla əlaqələr qursun və Bakını Ankaradan incik salsınlar. Bundan sonra isə onlar Azərbaycanla münasibətlərin normallasdırılmasını uzatmaq niyyətindədir. Amma Azərbaycan və Türkiyə bir-birinə sadiqdir, birgə hərəkət edirlər. Ermənistanla Türkiyə sərhədləri yalniz Azərbaycanın razılığı ilə açıla bilər. Bu məsələ barədə həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi öz mövqeyini bir neçə dəfə bəyan edib. Real vəziyyət də bu mövqeyi diqtə edir. Ona görə də ermənilərin bu mövzuda illüziyaya qapılmasının heç bir əsası yoxdur. Azərbaycanla Türkiyəni bu siyasətlə təkləmək mümkün deyil. Ermənilər nəhayət ki, ağıllanmalı, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ciddi addımlar atmalıdır.

Məsələn, İrəvan Zəngəzur dəhlizinin açilması ilə bağlı qəti qərar verməlidir, sülh müqaviləsinin bağlanması ilə əlaqədar üzərinə göturdüyu öhdəlikləri yerinə yetirməlidir, konstitusiyalarına dəyişikliklər etməlidirlər və sülhün bağlanmasında maraqlı olduqlarını əməli işləri ilə nümayiş etdirməlidirlər. Əks təqdirdə bu danışıqlar sonsuzluğa qədər davam edəcək, amma heç bir nəticə əldə olmayacaq".

Dəniz NƏSİRLİ





Избранный
13
baki-xeber.com

1Источники