Suriyada devrilmiş Bəşər Əsəd rejimi Ermənistanla sıx əlaqələrə malik idi. Çünki bu iki ölkəni idarə edən rəhbərləri, Paşinyanla Əsədi oxşar maraqlar və xarakterlər birləşdirirdi. Həmişə onların hər ikisini ölkələrinin, xalqlarının taleyi deyil, öz hakimiyyətləri maraqlandırıb. Təkcə bir misal çəkək: Ermənistanın dövlət olaraq çıxış yolunun yalnız Azərbaycanla sülh müqaviləsinin bağlanılmasından keçdiyini bildiyi halda Paşinyan Qərbdəki ağalarının köməyi ilə silahlanaraq müharibəyə hazırlaşır. Yəni, Bəşər Əsəd suriyalıları necə fəlakətə sürükləyirdisə, Nikol Paşinyan da erməniləri bu təhlükəli yola çıxarır.
Suriya və Ermənistan hakimiyyətləri arasında yaxın əlaqələri vaxtilə Paşinyanın Əsədə ünvanladığı təbriklərin timsalında da aydın görmək olur. Məsələn, 2023-cü ilin aprelində Ermənistanın baş naziri Suriyanın ovaxtkı prezidenti Bəşər Əsədi ölkənin milli bayramı münasibətilə təbrik edib. Təbrik məktubunda Ermənistanın Suriya üçün çətin bir zamanda respublikanın bərpası prosesinə yardım etməyə hazır olduğu bildirilib. Paşinyan, həmçinin qeyd edib ki, “əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan-Suriya dostluğu iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinin əsasını” təşkil edir.
Göründüyü kimi, Paşinyanı hər zaman Əsəd zülmü altında inləyən Suriya və suriyalıların taleyi deyil, qəddar rejimlə birgə həyata keçirdiyi cinayət əməlləri maraqlandırıb. Bütün bunlarla yanaşı, Paşinyan hökuməti Əsəd rejimi ilə yaxın iqtisadi-siyasi, ticari münasibətlərdə olub. Son illərdə xüsusilə Suriyadakı erməni icmasının iştirakı ilə bu əlaqələr daha da gücləndirilib. İki ölkə arasında bağlanan müqavilələr isə əsasən tikinti, ərzaq sənayesi və ticarət sektorlarını əhatə edib. Bir neçə dəfə ölkələr arasında birgə iqtisadi forum keçirilib. Əsəd rejimi Ermənistanın iqtisadi ehtiyaclarını təmin etmək məqsədilə ərzaq məhsulları, xüsusən də taxıl və kənd təsərrüfatı məhsullarını Ermənistan bazarlarına yönəldib. Eyni zamanda, Suriya hökuməti Ermənistanın enerji tələbatını qarşılamaq üçün müəyyən miqdarda neft məhsullarını güzəştli şərtlərlə təmin edib. Bu yardımlar İran vasitəsilə tranzit edilib və Ermənistana çatdırılıb. İki ölkə arasında bir sıra ticarət məhsullarına güzəştli vergi tarifləri tətbiq edilib. Ermənistan ilə Suriya arasında imzalanan iqtisadi əməkdaşlıq müqavilələri çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə bir sıra konkret layihələr həyata keçirilib.
Xüsusi olaraq vurğulamalıyıq ki, Əsəd rejimi erməni işğalı dövründə Qarabağdakı separatçı rejimə hərtərəfli köməklik edib. Bununla bağlı xarici və erməni mətbuatında faktlar yer alıb. Xüsusilə Suriya ermənilərinin köçürülərək erməni işğalı altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsi planı bu iki dövləti daha da yaxınlaşdırıb.
Əsəd rejimi ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq da daim “aktuallığını” qoruyub. Hər iki tərəf gizli razılaşmalarla terror təşkilatlarının fəaliyyətinə ciddi dəstək verib. Eləcə də bu “müdafiə planları”nda Ermənistanın Suriyadakı erməni icmasının təhlükəsizliyini təmin etmək adı altında bir sıra dəstək proqramları yer alıb. Suriyada fəaliyyət göstərən erməni terror təşkilatları Əsəd rejimi ilə sıx əməkdaşlıq edib. Bunların ən tanınmışı “Nubar Ozanyan adına erməni batalyonu”dur. Bu təşkilat Əsəd rejimi və PKK-nın Suriya qolu olan YPG ilə yaxın əlaqələr saxlayırdı. Suriyadakı erməni diasporu bu təşkilatlara həm maliyyə, həm də insan resursları baxımından dəstək verirdi.
Ermənistanın Bəşər Əsəd rejimi ilə münasibətləri yalnız bununla bitmir. Rəsmi İrəvanla Dəməşq arasında ənənəvi sıx münasibətlər mövcud olub. Özü də təkcə Paşinyan dövründə deyil, bütün hakimiyyətlərin fəaliyyətdə olduqları illərdə. Ermənistanın baş naziri Əsədi müxtəlif əlamətdar günlərdə mütəmadi olaraq təbrik etməklə yanaşı, Suriyaya erməni hərbi kontingentini yollamaqla da yadda qalıb. Erməni hərbçilər bu ölkədə guya minaların təmizlənməsi ilə məşğul olublar ki, bu da hazırkı reallığın acı paradoksudur. Diqqət edin: illər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirən Ermənistan Suriyada mina axtarır. Bu ölkədə erməni hərbçiləri minaları aşkar etməklə kimlərinsə həyatını "xilas edirlər", ancaq müharibənin bitməsindən 4 il keçməsinə baxmayaraq, bir vaxtlar işğal altında saxladıqları Azərbaycan ərazilərində hələ də vətəndaşlarımız bu təhlükədən həyatlarını itirirlər...
Ermənistan hərbçiləri Hələbdə xidmət edib - bu missiya “mina təmizləmə və humanitar yardım” kimi qələmə verilsə də, alt məqsəd fərqli olub. Ermənistanın rəsmi açıqlamalarının əksinə olaraq, missiyanın əsas məqsədinin Əsəd rejiminə dəstək olduğu aydın görünür. Ermənistan Suriyadakı erməni icmasının təhlükəsizliyini bəhanə edərək Əsəd rejiminin beynəlxalq səviyyədə dəstəklənməsinə töhfə verirdi. Eyni zamanda, Ermənistanın “humanitar missiyası” zamanı onun hərbçilərinin Əsəd ordusunun nəzarətindəki ərazilərdə fəaliyyət göstərməsi və ordunun əməliyyatlarına dəstək göstərməsi haqqında məlumatlar yayılmışdı. Ermənistan hərbçiləri minatəmizləmə işlərini əsasən Əsəd rejiminin nəzarətində olan strateji bölgələrdə həyata keçirirdi ki, bu da rejimə hərbi üstünlük təmin edirdi.
O da məlum olub ki, Ermənistan İran vasitəsilə Əsəd rejiminə hərbi texnika yardımları edirmiş. Əsasən Fransadan alınan və Əsəd rejiminə ötürülən bu texnikalar rejimin müharibədə mövqelərini möhkəmləndirmək üçün istifadə olunub. Bunun qarşılığında isə Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqedə dayanıb. Azərbaycan və Ermənistan arasında olan münaqişələrdə Əsədin siyasəti həmişə Ermənistanı dəstəkləmək olub. Suriyanın hazırda devrilmiş hakimiyyəti hətta İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də Azərbaycanın maraqlarına qarşı çıxış edib. Ermənistanla bağlı bəzi qətnamələrin qəbul edilməsinə mane olmağa çalışıb və qəbul olunan sənədlərə qoşulmayıb.
Əsəd Suriyası 14 mart 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamənin müzakirəsi zamanı səsvermədən boyun qaçırmaqla da yadda qalıb. Yeri gəlmişkən, bu hakimiyyət təkcə Azərbaycana deyil, qardaş Pakistana qarşı da belə davranaraq Kəşmir məsələsində Hindistana dəstək göstərib.
Azərbaycan xalqının Vətən müharibəsindəki mücadiləsi bütün İslam dünyası tərəfindən mənəvi dəstək gördüyü bir vaxtda müsəlman dövləti olan Suriyanın sabiq lideri Əsədin Ermənistanı müdafiə etməsi qeyri-adi təəssürat yaradırdı. Əslində isə bu, yenilik deyildi. Ermənilərin, erməni diasporunun və erməni terrorçu təşkilatların dərin kök saldıqları və özlərini rahat hiss etdikləri Suriyanın hakim rejimi rəsmi İrəvana hər zaman dəstək verib.
Göründüyü kimi, Ermənistan-Suriya əlaqələri ilk növbədə diplomatik-siyasi örtük altında inkişaf edib, lakin aparılan araşdırmalarla münasibətlərdəki əsl niyyətlər üzə çıxıb. Suriya-Ermənistan əlaqələri Bəşər Əsədin hakimiyyəti illərində sıx inkişaf edib. İrəvan-Dəməşq münasibətlərində açıq məqamlarla bərabər, gizli trayektoriyalar da mövcud olub. Bu münasibətlər 2020-ci ildə Suriyanın qondarma "erməni soyqırımı"nı tanıması ilə nəticələnib
Yaqut Ağaşahqızı, “İki sahil”