RU

Zaur Həşimov: “Buna səbəb onlara gələn təkliflərin olmasıdır”

“Qarabağ”ın veteran futbolçusu Zaur Həşimov apasport.az saytına müsahibə verib.

- “Qarabağ"ın "Elfsborq"la görüşdə uğursuz nəticəsini nə ilə əlaqələndirirsən? Bu cür nəticə olacağını ehtimal edirdin?

- Düzünü deyim, matçdan əvvəl düşünürdüm ki, "Qarabağ" İsveçdən ən azından bir xalla qayıdacaq. Çünki “Qarabağ” daha güclü komandadır. Ona görə də, İsveçdəki matçda “Qarabağ”ın qələbəsini gözləyirdim. Təəssüf ki, təmsilçimiz bu matçda məğlub oldu. 

- “Qarabağ” “Elfsborq”la görüşdə topa sahib olsa da, rəqib qapısı qarşısında təhlükəli qol epizodu yaratmaqda çətinlik çəkirdi. Səncə, problem nədir? Niyə "Qarabağ" qol epizodlarına az-az girirdi?

- “Qarabağ” rəqibin kimliyindən asılı olmayaraq, hər zaman öz oyun üslubunda oynayır. Bu matçda da topa daha çox sahib idi. Qol epizodlarını rahat yarada bilməməsinin də əlbəttə ki, səbəbi "Elfsborq"un müdafiə olunmaq bacarığınının özünü göstərməsi idi. Onlar da "Qarabağ"ı yaxşı analiz etmişdilər. Buna uyğun da oynayırdılar.

- Maraqlı tərəf orasındadır ki, "Qarabağ"ın rəqibi uzun müddət idi ki, rəsmi matç oynamırdı. Çünki onlarda liqa matçları başa çatmışdı. "Qarabağ"ın bu üstünlükdən də yararlana bilməməsi nə ilə bağlıdır?

- Düzdür, "Elfsborq" çoxdandır ki, rəsmi oyunda iştirak etmirdi. Ancaq evdə oynamaqları, süni örtüklü meydança onların üstünlüyü idi. Kevin Medina və Bəhlul Mustafazadənin yoxluğu da rəqibin qələbə qazanması yolunda təsir göstərdi. Ən əsası rəqib Avropa komandasıdır. "Qarabağ"dan üç xal almaq üçün əlindən gələni etdi. 

- Ötən mövsüm "Qarabağ"ı uğurlara daşıyan Abdullah Zubir, Yassin Benzia, Juninyonun özünə bənzəməməsi də gözə çarpır. Yoxsa, rəqiblər artıq onları zərərsizləşdirməyi bacarır?

- Juninyo və Benzia konsentrasiya baxımından əziyyət çəkirlər. Buna səbəb onlara gələn təkliflərin olmasıdır. Abdullah Zubirə qarşı isə rəqiblər daha sərt oynayırlar. Ölkə çempionatında onların oyunu daha yaxşı alınır. Avropa Liqasında isə səviyyə tamam başqadır. Bu səbəblərdən onlar daha inamlı çıxış edə bilmirlər.

- "Qarabağ"ın qarşıdakı rəqibləri FKSB və “Olimpiakos”dur. Yəqin ki, pley-off mərhələsinə düşmək şansları daha da azaldı. Hər iki matçı da qalib başa vurmaq lazımdır. Bunun baş verəcəyinə inanırsan?

- FKSB və "Olimpiakos" "Elfsborq"dan daha güclü komandalardır. Bəli, şansımız var. Ancaq düşünürəm ki, çox çətin olacaq. Hər halda, “Qarabağ”a qarşıdakı matçlarda uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq və təmsilçimiz qarşıdakı iki görüşdə də qələbə qazanacaq. Lakin oyunların çətin keçəcəyi dəqiqdir.

Fernandu Santuş: “İndi daha vacibi rəqibləri yaxından tanımaqdır”

"Turan Tovuz"un zədəli müdafiəçisi: "Azarkeşlər mənə çox böyük güc verdi"

Tallison: "Samir Abasov "Neftçi"də hər şeyi dəyişəcək"

KL: Millimizin üzvü oynadı, komandası 1 xal qazandı

“Dinamo”nun baş məşqçisi: “Neftçi”ni xüsusi diqqətdə saxlayıram”

Избранный
69
apasport.az

1Источники