İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.
“İki sahil” xəbər verir ki, dünyanın strateji kommunikasiya sahəsi üzrə rəhbərlərini, qabaqcıl mütəxəssislərini və peşəkarlarını yenidən bir araya gətirən tədbirdə bu il “Kommunikasiya və süni intellekt: Tendensiyalar, tələlər və transformasiya” mövzusu təhlil edilir.
Sammit çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda panel iclası keçirilib.
Prezidentin köməkçisi bildirib ki, Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları, eləcə də COP29-la bağlı yayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi tətbiq edilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ də davam edir.
Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdən istifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ də dezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırıb.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunan Prezidentin köməkçisi bu əlaqələrin həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli şəkildə davam etdirildiyini deyib və ölkələrimiz arasında süni intellekt sahəsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
İki gün davam edəcək sammitdə məqsəd yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar, təcrübələr üzərində dayanmaq, eyni zamanda, bunun yarada biləcəyi müxtəlif problemlərə diqqəti cəlb etməkdir.
Sammitdə süni intellektin yaratdığı imkan və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.