RU

Qərbi Azərbaycan İcması fəaliyyətini genişləndirir

Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıblar. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Bütün bunlar azmış kimi haylar Azərbaycanın ərazilərini -Qarabağ və Şərqi Zəngəzuru işğal etməklə də soydaşlarımızı yurd-yuvalarından didərgin salmışdılar.

2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi, həmçinin lokal xarakterli antiterror tədbirləri Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Artıq Böyük Qayıdış Proqramı çərcivəsndə  2367 ailə  - 9139 nəfər doğma ocağına qayıdıb.  Təəssüf ki, Qərbi Azərbaycandan - Ermənistandan qaçqın düşmüş soydaşlarımızın qayıdış hüquqları hələ də təmin olunmayıb. Hayastan da onların doğma yurdlarına qayıdışına məhəl qoymur. Hətta  Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırsa da qarşı tərəf bundan imtina edib. Rəsmi İrəvan utanıb-qızarmadan dezinformasiyalar yayır ki, guya azərbaycanlılar Ermənistanı könüllü şəkildə tərk ediblər. Halbuki, onların zorakılıqlara məruz qalmaları ilə bağlı kifayət qədər tutarlı faktlar var.

Digər tərəfdən, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Şübhəsiz, belə davranışı təcavüzkar ölkənin beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdindən başqa bir şey deyil. Çünki haylar da yaxşı bilirlər ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dinc məramlıdır, heç bir halda təcavüzkar niyyətə söykənmir.

Qərb  isə hələ də bu məsələdə susmaqda, daha doğrusu, Ermənistanın haqsız mövqeyini müdafiə etməkdədir. Bununla da  soydaşlarımıza qarşı öz laqeydliyini nümayiş etdirir. Amma  Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə elə haray salır ki… Halbuki, ermənilərin geri qayıdışı üçün çağırış edərək azərbaycanlı qaçqınlar barədə susan Avropa İttifaqı, hətta Azərbaycana qarşı Qarabağdan köçənlərə görə sanksiya tətbiqini təklif edən ABŞ konqresmenləri bilməlidirlər ki, rəsmi Bakı onların bölgəni tərk etmələri istiqamətində hər hansı addım atmayıb. Əksinə, mülki əhalinin qalıb yaşaması məqsədinə xidmət edən xüsusi portal açıb, vətəndaşlıq alınması üçün sadələşdirilmiş şərtlər irəli sürüb. Buna baxmayaraq, onlar separatçıların təkidi və xarici güclərin, o cümlədən Fransanın təsiri ilə Qarabağı könüllü surətdə tərk ediblər.

Bu mənada hazırda Qərbi azərbaycanlıların qayıdış hüququnun  beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca önəmlidir. Artıq Qərbi Azərbaycan İcması bu istiqamətdə əməli işlər həyata keçirir. Sözügedən qurumun "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda dekabrın 5-6-da 51 ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə  Bakıda keçirdiyi II beynəlxalq konfrans bunu bir daha təsdiq edir. Hətta bu tədbir çərçivəsində 51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənəd də imzalayıb. Dekabrın 9-11-də Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırladığı Qayıdış Konsepsiyası isə Barselona şəhərində keçirilən  UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim olunub. Yeri gəlmişkən qeyd edək ki, həmin tədbirdə ölkəmizi təmsil edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında Qayıdış Konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib.

Dekabrın 12-də isə İzmir şəhərində Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və burada  yaşayan azərbaycanlıların iştirakı ilə Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub. Qeyd edək ki, bu, qurumun xaricdə açılan ilk ofisidir. Şübhəsiz, bu təmsilçilik 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində, həmçinin bu problemin Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdırılmasında, erməni şəbəkəsinin və onların Qərb havadarlarının dezinformasiya siyasətlərinin ifşasında mühüm rol oynayacaq. Bütün bunlardan belə qənaətə gəlmək olar ki,  uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.  Yeri gəlmişkən, Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənəd BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bəli, Qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpası Azərbaycanın ictimai-siyasi fikrinin başlıca mövzularındandır. Bu, həm də rəsmi Bakının xarici siyasətinin prioritetlərindən biridir. Unutmayaq ki, Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq normalara tam uyğundur, bu, sadəcə torpaq deyil, insan haqları məsələsidir. Yəni, burada heç bir tarixi ərazi iddiasından söhbət getmir. Bu mənada Ermənistan soydaşlarımızın qayıdış hüququnu təmin etməlidir. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə tarixi ədalət bərpa ediləcək, beynəlxalq hüquq bərqərar olunacaq. Bir sözlə, Qərbi azərbaycanlıların hüquqları tezliklə bərpa ediləcək. Buna kimsə şübhə edə bilməz. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, biz o yerlərə qayıdacağıq, lakin Qarabağdan fərqli olaraq Qərbi Azərbaycana tank və topla deyil, sülh yolu ilə qayıdacağıq. Bu istiqamətdə atılan addımlar da bunu bir daha təsdiq edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
20
ikisahil.az

1Источники