RU

AİİB ölkəmizdə günəş enerjisinə sərmayə yönəldəcək

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanın günəş enerjisi sahəsinə böyük investisiyalar yatıracağını açıqlayıb. Bankın iqlim strategiyası və siyasəti üzrə baş mütəxəssisi Seleha Lokvud mediaya açıqlamasında bildirib ki, bu addım qurumun iqlim sahəsində fəaliyyət strategiyasında mühüm mərhələdir.

O, AİİB-nin daha geniş iqlim strategiyasının müştərilərlə sıx əməkdaşlıq və strateji tərəfdaşlıqların gücləndirilməsinə yönəldildiyini vurğulayaraq deyib: “Keçən il iqlim üzrə fəaliyyət planımızı yayımladıq. Azərbaycana edilən bu konkret investisiya belə bir yanaşmanın nümunəsidir, çünki biz digər çoxtərəfli inkişaf bankları və Azərbaycanla əməkdaşlıq edərək enerji prioritetlərini dəstəkləyirik.

S. Lokvudun sözlərinə görə, investisiya həcmi, ümumilikdə, 160 milyon ABŞ dolları təşkil edəcək və bu vəsait 315 meqavatlıq Neftçala və 445 meqavatlıq Biləsuvar günəş elektrik stansiyalarının tikintisinə yönəldiləcək. Sözügedən layihələrin “Abu Dhabi Future Energy Company” (“Masdar”) ilə tərəfdaşlıqda həyata keçirildiyini xatırladan bank rəsmisi deyib ki, yeni günəş elektrik stansiyaları Azərbaycanın bərpaolunan enerji potensialının inkişafına əhəmiyyətli töhfə verəcək: “Bu layihə Azərbaycanın enerji balansını köklü şəkildə dəyişəcək transformasiyaedici bir investisiyadır. Biz bu təşəbbüsün bir hissəsi olmaqdan məmnunuq, çünki o, ölkənin enerji sektorunun gələcəyi üçün strateji əhəmiyyət daşıyır”.

Yeri gəlmişkən, bu layihə Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə maliyyələşdirilir. Bununla yanaşı, “SOCAR Green” yerli tərəfdaş kimi bu layihədə “Masdar” şirkəti ilə sıx əməkdaşlıq edəcək. Sözügedən məqama toxunan S.Lokvud bildirib ki, bu addım Asiya İnfrastruktur İnvestisiya Bankının regional əməkdaşlığı inkişaf etdirmək və ölkələrin iqlim məqsədlərinə nail olmasına dəstək olmaq öhdəliyini əks etdirir. Onun sözlərinə görə, banklar və yerli iştirakçılarla tərəfdaşlıq iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli üçün əməkdaşlığın əhəmiyyətini göstərir.

S. Lokvud müsahibəsində dünəş enerjisinə edilən investisiyanın təmsil etdiyi bankın Paris Sazişinə uyğun olaraq “yaşıl” infrastruktura üstünlük verilməsi üzrə daha geniş strategiyası ilə uzlaşdığını diqqətə çatdırıb. Qeyd olunub ki, 2023-cü il iyulun 1-dən etibarən bankın bütün layihələri Paris hədəflərinə uyğunlaşdırılıb və bu investisiya da istisna deyil.

Asiya İnfrastruktur İnvestisiya Bankının layihəyə sadiqliyini vurğulayan baş mütəxəssis təmsil etdiyi qurumun investisiya əməliyyatları üzrə komandasının layihənin icrasının ilk həftəsindən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini bildirib: “Biz artıq buradayıq, Azərbaycandakı həmkarlarımızla əməkdaşlıq edirik və layihənin fasiləsiz irəliləməsini təmin edirik”.

Xatırladaq ki, Asiya İnfrastruktur İnvestisiya Bankı Çin hökumətinin təşəbbüsü ilə yaradılmış beynəlxalq maliyyə institutudur. Mənzil-qərargahı Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində yerləşən bank 2014-cü il oktyabrın 24-də təsis edilib. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memoranduma imza atıblar.

2015-ci ilin aprel-may aylarında Pekin və Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş 4-cü və 5-ci iclaslarda bankın “Maddələr Sazişi”i yekdilliklə razılaşdırılıb. Sözügedən sənəd həmin il iyunun 29-da Çinin paytaxtında təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanıb.

Bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən olunub. Bunun da, təxminən, 75 faizi Asiya ölkələri tərəfindən təmin ediləcək. Səhmdarları Çin, Hindistan, Rusiya və Azərbaycan olan bankın fəaliyyəti, əsasən, Asiya ölkələrində infrastrukturun inkişafına yönəldilib.

 

Избранный
7
1
xalqqazeti.az

3Источники