RU

“Qarabağ” qalan iki oyunda qələbə qazansa belə…

“Qarabağ” ötən UEFA Avropa Liqasında tarixində ilk dəfə 1/8 finala çıxmaqla azərbaycanlı futbolsevərləri növbəti mövsüm üçün ümidləndirmişdi. Amma alınmır – Azərbaycan çempionu nə həsrətində olduğu Çempionlar Liqasına düşdü, nə də qitənin səviyyəcə 2-ci klub turnirində uğurlu çıxışını davam etdirə bilir.

Bu mövsümdən avroklublar yeni formatda keçirilir – Çempionlar Liqası və Avropa Liqasında komandalar səkkiz müxtəlif rəqiblə qarşılaşırlar. Görünür, bu da “Qarabağ”ın çıxışına öz təsirini göstərir, sanki komanda bu formata uyğunlaşmayıb.

6 oyundan sonra hesabında cəmi 3 xal olan və 33-cü yerdə qərarlaşan “Qarabağ” pley-offa çıxmaq işini çətinə salıb. Liqa mərhələsinin başa çatmasına isə cəmi iki tur qalıb.

Hazırda “Qarabağ” turnir cədvəlində yalnız RFS (2 xal), “Nitsa” (2) və Kiyev “Dinamo”sunu (0) qabaqlayır. Əlbəttə, Ukraynanın adlı-sanlı klubundan irəlidə olmaq diqqəti çəksə də, indiki halda bu, təsəllidən başqa bir şey deyil.

Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə verən ilk 24-lükdən 4 xal geri qalır. “Elfsborq” isə “Qarabağ”a qalib gəlməklə (1:0) məhz 24-cü yerə yüksəlib və 7 xalı var. Bu iki komanda arasında yer alan “Braqa” (7 xal), “Hoffenhaym” (6), “Makkabi Tel-Əviv” (6), “Beşiktaş” (6), “Slaviya Praqa” (4), “Tvente” (4), “Malmö” (4) və “Ludoqorets” (3) də elə ilk 24-lüyə düşməyə çalışırlar.

Yarışdan əvvəl “Opta”nın hesablamalarına görə, pley-offa düşmək üçün azı 10 xal toplamaq lazımdır və 9 xal belə kifayət etməyə bilər.

Bu da o deməkdir ki, “Qarabağ” qarşıdakı iki oyunun hər birində qələbə qazanmaqla xalını 9-a çatdırmalı və digər komandaların nəticələrinə baxmalıdır. Növbəti rəqiblər isə 11 xalla 10-cu yerdə olan FCSB (Rumıniya) və 9 xalla 15-ci pillədə qərarlaşan “Olimpiakos”dur (Yunanıstan): birinci qarşılaşma Bakıda, sonuncu isə səfərdə olacaq.

Yeri gəlmişkən, yekunda Avropa Liqasında xalları bərabər olan komandalarda top fərqi əsas götürüləcək ki, “Qarabağ” hazırda “-10” ilə yalnız “-14” göstəricisinə malik Kiyev “Dinamo”sundan üstündür.

“Qarabağ” və qarşıdakı rəqiblərinin növbəti oyunları:

7-ci tur, 23 yanvar 2025 – Portu

(Portuqaliya) - Olimpiakos (Yunanıstan); “Qarabağ” - FCSB (Rumıniya).

8-ci tur, 30 yanvar – Olimpiakos

(Yunanıstan) – “Qarabağ”.

Rasim MÖVSÜMZADƏ

Избранный
9
1
xalqqazeti.az

2Источники