Dekabrın 13-də Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaxerin Azərbaycana üç günlük səfəri başlayıb.
Müqəddəs Taxt-Tacın məlumatında deyilir ki, səfərin məqsədi ölkənin paytaxtı Bakıda müqəddəs İohann Pavel II-yə həsr edilmiş yeni kilsənin yerini təqdis etmək və təməlin ilk daşını qoymaqdır.
Səfər proqramına əsasən, şənbə günü, dekabrın 14-də arxiyepiskop Qallaxer yerli dini təşkilatların nümayəndələri ilə görüşəcək və "Məryəm Mərkəzi" təhsil mərkəzinə baş çəkəcək.
Elə həmin gün Bakıda yeni kilsənin yeri təqdis ediləcək və təməlinin ilk daşı qoyulacaq.
Bazar günü, dekabrın 15-də arxiyepiskop Bakıda Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə bayram tədbirinə rəhbərlik edəcək.
Elə həmin gün şeyxülislam Allahşükür Paşazadə ilə dinlərarası görüşdə iştirak planlaşdırılıb.
Bazar ertəsi, dekabrın 16-da arxiyepiskop Qallaxer Azərbaycan prezidenti İlham Əliyevlə, daha sonra isə xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.