RU

“Alba gülərək növbəti il Azərbaycan klubuna transfer olunmaq üçün gələcəyini dedi, Suares də...”

Lionel Messinin Bakı səfəri böyük ajiotaj doğurdu ki, başqa cür də ola bilməzdi. İndi karyerasını uzaq Amerikanın “İnter Mayami” klubunda davam etdirsə də, o bir dünya əfsanəsidi.

Maraqlıdı, Lionel və komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıdan hansı təəssüratla ayrılıb?

Tədbirdə fəal iştirak edənlərdən biri də “Zirə”nin tərcüməçisi Nicat Şıxəliyev olub. Onun “Futbol+”ə cavabı:

“Messi ilə kiçik dialoqlarım olmasına baxmayaraq, onun təəssüratını soruşmadım. Amma görünən o idi ki, Azərbaycana təşrif buyuran bütün ulduzlar Bakını, şəhərin infrastrukturunu, mədəniyyətimizi və mətbəximizi çox sevdilər. Çünki gəldikləri gecə çay süfrəsinə əyləşib söhbət etdiyimiz vaxt şəhərin kadrları nümayiş olunurdu. Həmin vaxt Suares ve Alba şəhərimizin gözəlliyindən heyrətləndilər, “nə gözəl şəhəriniz var, bəs təhlükəsizlik hansı seviyyədədi”, - deyə soruşdular. Mən də bir neçə il öncə oxuduğum məlumatı – ölkəmizin ən yaxşı təhlükəsizlik sisteminə malik dövlətlər arasında olduğunu onların nəzərinə çatdırdım. Həmin vaxt Alba gülərək növbəti il Azərbaycan klubuna transfer olunmaq üçün gələcəyini dedi, Suares də “pis olmaz, mən də gələ bilərəm” cavabını verdi. Həmin əsnada Buskets “Qarabağ”ın Çempionlar Liqasında oynadığı dönəmi xatırlatdı, yetərincə yaxşı klub olduğunu dedi. O ki qaldı mənim təəssüratıma, Messi, Suáres, Alba ve Buskets kimi superulduzlarla həmsöhbət olmaq həm həyatımda, həm də karyeramda xoş və unudulmaz təcrübə olacaq”.

Yeri gəlmişkən...
Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb. Bu barədə tap.az saytında məlumat yerləşdirilib. Elanda qeyd olunur ki, üzərində "Barselona"nın emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını qoyub. Satışa qoyulan papaq 10 min manata təklif olunur.

RÖYANƏ OĞUZ
Избранный
20
football-plus.az

1Источники