RU

“50-dən artıq universitet yaratmaq əvəzinə...” - Təhsil ekspertindən nazirin fikirlərinə REAKSİYA

“Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

“Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indikatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq”, - deyə nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır:

“Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq”.

Bəs universitetlərimiz niyə hələ də reytinq problemi yaşayır? Vəziyyətdən çıxış yolu nədir?

NADİR.jpeg

Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı TƏHSİL.BİZ -ə danışıb.

Ekspert qeyd edib ki, kəmiyyətlə keyfiyyət bir araya sığa bilməz - ya kəmiyyətə, ya da keyfiyyətə fokuslanılmalıdır:

“Dəfələrlə bildirmişəm və bu gün də o qənaətdəyəm ki, beynəlxalq təhsil sisteminə inteqrasiya etmək, heç də onu olduğu kimi “kopyalamaq” demək deyil. Dünya təcrübəsinin qabaqcıl tendensiyalarından yararlanaraq, onu öz şəraitimizə, milli qaynaqlarımıza və potensial imkanlarımıza uyğunlaşdırmalıyıq. Heç də təsadüfi deyil ki, “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi – “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilib.

Bu mənada, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda keçirilən tədbirdə “Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır” kimi açıqlama heç bir təəccübə və təəssüfə səbəb olmamalıdır.

Bizə bu qədərmi vacib idi ki, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə bütün institutları birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındıraraq, hamısına ucdantutma universitet statusu vermək? Və ya bizə çoxmu lazım idi bilavasitə elmi-tədqiqat işləri ilə məşğul olan institutların bir qismini bağlamaq, digər qismini də universitetlərin nəzdinə keçirməklə bütün vəzifələri universitetlərin üzərinə yükləmək? Axı danılmaz bir həqiqətdir ki, kəmiyyətlə keyfiyyət bir araya sığa bilməz – ya kəmiyyətə fokuslanmalıyıq, ya da keyfiyyətə. Başqa sözlə, alimliyindən asılı olmayaraq müəllim müəllimliyini etməlidir, tədqiqatçı da tədqiqatçılığını. Buna el arasında “Əli aşından da, Vəli aşından da məhrum olmaq” deyirlər. Dahi Nizami də deyirdi ki, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Olmazdımı ki, 50-dən artıq universitet yaratmaq əvəzinə bunun bəzilərinə müəyyən bir konkret peşə üzrə mütəxəssis hazırlamaq, bəzilərinə də müəyyən sahələr üzrə tədqiqatlar aparmaq məqsədinə xidmət edən institut statusu verəydik? Görəsən, bütün müxtəlif təyinatlı institutları universitetlərin əlavəsinə çevirməklə nəyə nail olduq və bu barədə heç düşünən varmı? İndi etiraf etmək zərurəti qarşısında qalmışıq ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır”.

Избранный
26
1
tehsil.biz

2Источники