RU

“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar

Bakı, 14 dekabr, AZƏRTAC

Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş “Türkiyə İranın yerinə yeni regional güc olacaqmı?” sərlövhəli məqaləsində yazıb.

Yazıda Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın ölkəmizlə sülh sazişi perspektivi fonunda Tehranın da dəstəyindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratması alternativsiz variant kimi qiymətləndirilib. Hadisələrin bu istiqamətdə cərəyan etməsinin bölgədə Tehran tərəfindən təşviq olunan dini radikalizmi xeyli zəiflədəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzarətində olan hər bir ərazidə dünyəvi qanunun aliliyini təmin edən Azərbaycan bu günədək uğurlu şəkildə dini radikalizmin yayılmasının qarşısını almaqla bölgədə dünyəvi dövlətçilik mühitinin bərqərar olmasına mühüm töhfə verib.

İsrailli professor Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın Vətən müharibəsində Qələbəsinin bölgəni gərginlikdə saxlayan qüvvələrin zəifləməsinə, əvəzində Türk alyansının təsirinin artmasına rəvac verdiyinə diqqət çəkib. Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq 30 il ərzində Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz işğal altında saxlayan Ermənistanın sözügedən təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın məcburi köçkünə çevrildiyi də xatırladılıb. Müəllif bütün qeyd olunanların fonunda ermənilərin Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşması üçün onların öz konstitusiyalarını yenidən nəzərdən keçirməsinin zəruriliyini diqqətə çatdırıb.

Məqaləni ətraflı şəkildə linkə keçid etməklə oxumaq mümkündür.

Избранный
12
6
azertag.az

7Источники