RU

Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım

Asiya ölkələrinə olan marağı onu Cənubi Koreyaya qədər aparıb. O, bu ölkədə tək təhsil almaqla kifayətlənməyib. Azərbaycanı tanıtmaq üçün təmənnasız fəaliyyət göstərib. Hətta Seul Universitetinin Pedaqoji Kolleci tərəfindən təşkil edilən müəllimlər üçün mədəni müxtəliflik üzrə ixtisasartırma kursunu bitirib və Seul şəhərinin bütün ibtidai, orta və ali məktəblərində mədəni müxtəliflik və Azərbaycan mədəniyyəti ilə bağlı təhsil verir. O, bir tərəfdən Koreyada yaşayan xaricilərin və çoxmədəniyyətli ailələrin səsini eşitdirir, digər tərəfdən isə Azərbaycan mədəniyyətini, dilini və dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməyə çalışır.

Müsahibimiz Koreyadakı Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı Rahil Əhmədovadır. O, artıq 10 ildən çoxdur ki, Koreyada multikultural cəmiyyət haqqında dərs deyir, həmçinin Seul meriyasının xarici ölkələr üzrə təlimatçısıdır.

Qubadlıda anadan olub. Məcburi köçkün kimi Bakıya gəlib və orta məktəbi burada bitirib. Daha sonra Azərbaycan Dillər Universitetinin (ADU) koreya-ingilis dili tərcümə fakültəsində təhsilini davam etdirib. Bir il sonra - 2008-ci ildə Koreya Dövlət Təqaüd Proqramı vasitəsilə Cənubi Koreyaya yollanıb. Keimyung Universitetinin bakalavr, Kyunpuk Milli Universitetinin isə magistratura pilləsini bitirib. Həmyerlimiz Cənubi Koreyada multikulturalizm və əcnəbi sakinlərin inteqrasiyasına dəstək sahəsində göstərdiyi xidmətlərə görə 2023-cü ildə Seul şəhərinin fəxri vətəndaşı adına, eləcə də Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin mükafatına layiq görülüb.

“Xaricilər və çoxmillətli ailələrə kömək etmək istəyirdim”

- Rahil xanım, bu il Cənubi Koreyadakı fəaliyyətinizin 16 ili tamam olacaq. 16 il öncəyə qayıtsaq, bu ölkəyə marağınız necə yarandı?

- Uşaqlıqdan Asiya ölkələri ilə maraqlanırdım. ADU-da tərcümə fakültəsində Koreya dili bölümü yeni açılmışdı. O fakültəni seçəndə ətrafımdakılar təəccüblənmişdilər. Təsəvvür edin, Koreya deyəndə Çin və Yaponiya ilə qarışdırılan bir dövrdən bəhs edirik. Həmin vaxt dost-tanış deyirdi ki, Koreya dilini öyrənib iş tapa bilməyəcəksən. Mən isə ixtisasımı sevir, təhsil aldıqca karyeramla bağlı daha çox planlar qururdum. Koreya Dövlət Təqaüd Proqramına müraciət etdim və təhsilimə burada davam etdim. Əslində, magistraturanı bitirib, iş təcrübəsi qazandıqdan sonra Azərbaycana qayıtmağı planlayırdım. Amma işləyərkən həyat yoldaşımla tanış oldum və ailə qurub bu ölkədə yaşadıq.

- İş təcrübəsi qazanmaq üçün başladığınız fəaliyyət sizi Seul şəhərinin fəxri vətəndaşı, Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin xüsusi mükafatına qədər aparıb...

- Bəli. Bu ad 10 il ərzində Koreya Respublikası nazirliklərinin nəzdində multikulturalizmlə bağlı siyasətlərin təklif edilməsi, multikultural problemlər haqqında məlumatlılığın artırılması və ölkədə əcnəbi sakinlərin sabit məskunlaşmasına dəstək vermək kimi sahələrdə göstərdiyim xidmətlərimə görə verilib. Koreya uzun illər təkmillətli ölkə olub və daim öz millətlərini qorumağa çalışıblar. Mən də burada yaşayan çoxmillətli ailələr və xaricilərin rifahını yaxşılaşdırmaq üçün çalışırdım. Çünki ətrafımdakı xaricilər və çoxmədəniyyətli ailələrin çətinliklərini yaxından izləyir, onlara kömək etmək istəyirdim. Hazırda Koreyada təkmillətli ölkə ənənəsi getdikcə, dəyişir. Artıq dövlət çoxmillətliliyi siyasət kimi irəli sürməyə başlayıb. Bu istiqamətdə nazirliklərin tərkibində komitələr fəaliyyət göstərir. Mən də Gender Bərabərliyi və Ailə Nazirliyində Çoxmillətli ailələr komitəsinin üzvüyəm. Komitə vasitəsilə Cənubi Koreyada yaşayan xaricilər və xaricilərlə ailə quran koreyalılar, onların uşaqları ilə bağlı layihələr irəli sürürük. Onların səsinin eşidilməsi çox vacibdir. Mən də cənubi koreyalı ilə evliyəm, bizim də övladımız bu kateqoriyaya daxildir. Cənubi Koreyada yaşayan xaricilərin hamısı yaxşı yerlərdə işləmir, hətta vizasız yaşayanlar çoxdur. Bu, getdikcə dövlətə problemlər yaratmağa başlayır. Nazirliyin üzvü olaraq çalışırıq ki, orada diqqətdən kənarda qalan xaricilərin yaşayışını düzəldək. Artıq dörd ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm və dəyişiklikləri müşahidə edirik.

“Özümüzü tanıtmasaq, heç kim bizi tanımayacaq”

- Cənubi Koreya nə üçün ənənəsini dəyişməyə və çoxmillətli ailələri təbliğ etməyə başlayıb?

- Çünki burada uşaq doğumu çox aşağı səviyyədədir və yaşlıların sayı həddindən artıq çoxdur. Əgər belə davam edərsə, Cənubi Koreya bir neçə il ərzində ciddi təhlükə ilə üz-üzə qalacaq. Mən dərslərimdə öz ölkəmizi misal gətirirəm. Biz tolerant ölkəyik, başqasının dilinə, dininə və irqinə görə onlara qarşı ayrı-seçkilik etmirik. Bu, bizim konstitusiyamızda da yer alır. Maarifləndirməni ölkəmizin simasında etməyə çalışıram. Bunu eşidən koreyalı müəllimlər də öz tələbələrinə danışırlar. Məlumat zəncir kimi paylaşılır və açıq fikirli cəmiyyət ortaya çıxır. Bu, Cənubi Koreya hökumətinin hazırda yürütdüyü siyasətdir. Bunun sayəsində Cənubi Koreya həm çoxmillətli ölkəyə çevriləcək, həm də əhalisinin sayı azalmayacaq. Bu sahədə gördüyüm işlər Cənubi Koreya hökuməti tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, media vasitəsilə bu bilgiləri yaymağa çalışıram.

- Siz həm də Cənubi Koreya Ədliyyə Nazirliyində Koreyaya adaptasiya olmağa çalışan digər xaricilərin mentoru kimi fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizdə məqsədiniz nədir?

- Bu rol mənə onların qarşılaşdığı çətinlikləri daha yaxşı anlamaq və onlara uyğun dəstək göstərmək imkanı yaradır. Öz təcrübələrimdən istifadə edərək, onlara həm Cənubi Koreya cəmiyyətinə inteqrasiya yollarını göstərir, həm də öz mədəniyyətlərini unutmadan bu ölkədə uğur qazanmağın mümkün olduğunu izah etməyə çalışıram. Mentorluq fəaliyyətimdə əsas məqsədim xaricilərin həyatlarını asanlaşdırmaq və Koreyada özlərini evlərindəki kimi hiss etmələrinə töhfə verməkdir. Mühazirələrimdə və tədbirlərdə tez-tez verdiyim mesaj budur ki, hər birimiz öz mədəniyyətimizin daşıyıcısıyıq. Əgər yaşadığımız cəmiyyətdə özümüzü tanıtmasaq, heç kim bizi tanımayacaq. Koreyada yaşamaq çətin olsa da, öz köklərimizi unutmamaq və yerli cəmiyyətə inteqrasiya olmaq həm hüququmuz, həm də vəzifəmizdir. Bu mesajlar adaptasiya olmaqda çətinlik çəkən çoxmədəniyyətli ailələr üçün motivasiya rolunu oynayır. Onlara göstərməyə çalışıram ki, hər bir insan öz mədəniyyətini yaşatmaqla həm özünə, həm də cəmiyyətə dəyər qatır.

Избранный
21
publika.az

1Источники