"Tesla" şirkətinin səhmləri ("TSLA") cümə günü 4%-dən çox artaraq 436,23 dollara çatdı və bağlanış rekordu vurdu.
Valyuta.Az xəbər verir ki, bu yüksəliş “Tramp effekti” adlandırılır. "Tesla" səhmləri keçən ay Donald Trampın (Donald Trump) prezident seçkilərində qələbəsindən sonra 73%-dən çox artıb. İlon Maskın Tramp administrasiyasına olan böyük inamı və bu administrasiya üzərindəki potensial təsir gücü, investorların "Tesla"nın gələcəyinə ümidini artırıb.
Məsələn, "Reuters"in məlumatına görə, Tramp komandası yeni administrasiyaya "Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası"nın ("NHTSA") avtomobil istehsalçılarından avtonom idarəetmə sistemləri ilə bağlı qəzaları bildirməyi tələb edən qaydasını ləğv etməyi tövsiyə edib. Bu qərar "Tesla" üçün əlverişli ola bilər. Hal-hazırda şirkət "NHTSA"ya özünün tam avtonom idarəetmə ("FSD") və Avtopilot sistemlərini əhatə edən 1.500-dən çox qəza barədə məlumat təqdim edib.
Bununla belə, "Tesla"nın müvəffəqiyyətli həftəsi yalnız Trampla bağlı deyildi.
Çərşənbə axşamı, "Tesla"nın Çin bölməsi dekabr ayının ilk həftəsində Çində 21.900 elektrik avtomobili satdığını açıqladı. Bu, IV rübün ən yüksək həftəlik satış göstəricisi olub. Bu məlumat, noyabr ayında şirkətin ilin ən yaxşı ayı kimi qeydə alındığı hesabatdan sonra gəldi. Həmin ay 73.000 avtomobil satılmışdı. Şirkətin müvəffəqiyyətini artıran əsas amillərdən biri, noyabr və dekabr aylarında 5 il müddətinə 0% faizlə kreditlər və yeni "Model Y üçün 10.000 yuan (təxminən 1.400 dollar) həcmində stimullar təklif etməsi olub.
Lakin aydın görünür ki, "Tesla"nın bu möhtəşəm artışında Mask-Tramp əlaqəsinin böyük rolu var.
"Deutsche Bank"dan Edison Yu, "BofA"dan Con Mörfi (John Murphy) və "Morgan Stanley"dən Adam Conas (Adam Jonas) kimi analitiklər son günlərdə "Tesla" səhmləri üçün qiymət hədəflərini artırıblar. Onlar bu artımı Maskın yeni administrasiya ilə yaxınlığı ilə izah ediblər.
“Qiymət hədəfimizi 295 dollardan 370 dollara qaldırırıq. Bu qərar əsasən "Tesla"nın avtonom idarəetmə sahəsindəki fəaliyyətinə daha yüksək dəyər verilməsi ilə əlaqədardır,” Edison Yu müştərilərinə yazdığı qeyddə bildirib. O əlavə edib ki, “ABŞ-ın yeni administrasiyasının robotaksilərin tətbiqi ilə bağlı federal qaydaları asanlaşdıracağına dair inamımız səbəbilə, robotaksi proqnozlarımızı artırırıq.”
"Morgan Stanley"dən Adam Conas isə "Tesla"nı “ən yaxşı seçim” olaraq adlandırmağa davam edib və səhmlərin qiymət hədəfini 310 dollardan 400 dollara yüksəldib.
“Müştərilərlə davam edən müzakirələrimizdə süni intellekt, məlumat mərkəzləri, bərpa olunan enerji, robot texnikası və yerli istehsal mövzularına böyük maraq müşahidə edirik,” Conas bildirib və qeyd edib ki, Maskın siyasi səhnədə görünməsi "Tesla"nın təsir dairəsini avtomobil sənayesindən kənara çıxara bilər.
Rəhim