RU

Bakı hərəkətə keçdi: İkitərəfli təmas var, yarım milyon soydaşımız…

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirib. O, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla bir araya gəlib. H.Hacıyev Türkiyə rəsmiləri ilə Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Rəsmi Bakının son günlər İsrail-Türkiyə episentrində aktiv diplomatik təmaslar qurması diqqət çəkir. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı, Hikmət Hacıyevin İsrailə səfəri, bu ölkənin Prezidenti İshaq Hersoq və xarici işlər naziri Gideon Saar ilə görüşü buna nümunədir.

Bəzi ekspertlərin fikrincə, hazırda Ankara və Təl-Əvivin mövqeləri üst-üstə düşmür, ciddi fikir ayrılıqları var. Bakı isə iki ölkə arasında diplomatik təmasları intensivləşdirərək ehtimal gərginliyi önləmək istəyir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Suriya ənənəvi nəqliyyat dəhlizləri və yollar istisna olunarsa, Azərbaycanla bir o qədər də uzaq məsafədə yerləşmir:

“Suriya qardaş Türkiyə, həmçinin soydaşlarımızın yaşadığı İraqın Mosul şəhəri ilə həmsərhəddir. Bu ölkə ilə tarixi, mədəni bağlarımızı nəzərə alsaq, Dəməşqin Bakının xarici siyasətində heç də son sıralarda dayanmadığını müəyyənləşdirə bilərik. Müxtəlif qaynaqlarda Suriya ərazisində 1,5-3 milyon türkmənin yaşadığı qeyd olunur. Son məlumatlara görə isə bu ölkənin əhalisinin 15,1 faizini türkmənlər təşkil edirlər. Əslində onlar Mosul, Kərkük, Telafer, Ərbildə yaşayan türklər kimi Azərbaycan türkləridir. Yəni qanı qanımızdan olan can qardaşlarımızdır. Təkcə bu səbəb Azərbaycanın Suriyanın gələcəyinə həssaslıqla yanaşmağına əsas verir.

Elcin
Elçin Mirzəbəyli

Digər tərəfdən, Suriya bizim və qardaş Türkiyənin yer aldığı bölgədədir. İndiki şəraitdə Azərbaycanın regionda baş verən proseslərdə aktiv diplomatik səylər göstərməsi təqdir olunmalıdır. Türkiyə qardaş ölkədir, ən yaxın strateji müttəfiqimizdir və xarici siyasətimizin prioritetləri, uzaq strateji hədəflər baxımından eynidir. İsraillə isə münasibətlərimiz, həm bu ölkədə yaşayan həmvətənlərimizin fəal mövqeyi, həm də Azərbaycanda yaşayan yəhudi əsilli vətəndaşlarımızın azərbaycanlılara hörmətlə yanaşması və bir sıra tarix-mədəni aspektlər səbəbindən hər zaman yaxşı olub. Bu əlaqələr sülhə, əmin-amanlığa, rifaha, təhlükəsizliyə xidmət edib. O baxımdan, ölkəmizin regionda təhlükəsizliyin təmin olunmasına görə tarixi və mənəvi məsuliyyət daşıyan güc mərkəzləri ilə davamlı təmasda olmasında, qarşılıqlı münasibətlərin sağlam tutulmasında oynadığı rol, sərgilədiyi aktiv diplomatik fəaliyyət təqdir edilməlidir.

Azərbaycan Prezidentinin vurğuladığı kimi bizim ailəmiz türk dünyasıdır və bu səbəbdən bizimlə eyni tarixi, mədəniyyəti, ənənələri paylaşan insanların – soydaşlarımızın gələcəyi, təhlükəsiz həyatı ilə bağlı məsələlərin ölkəmizin gündəmində olması qədər təbii heç nə ola bilməz”.

Избранный
49
2
turkustan.az

3Источники