RU

İranın Azərbaycanla sərhəd hissəsində yeni Kürdistan dövləti YARANIR?

Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam” qruplaşmasının Hələb və İdlibdəki döyüşlərlə yenidən ön plana çıxması bölgədə yeni gərginlik dalğasına səbəb olub. Bu proses, müxtəlif dövlətlərin öz maraqlarını təmin etmək üçün Suriyanın gələcək siyasi quruluşuna dair gizli planlarının gündəmə gəlməsinə yol açıb. Mövcud vəziyyətin gedişi fonunda Suriyada parçalanma və yeni dövlətlərin yaranması ehtimalı aktuallaşıb.

Maraqlıdır, baş verən proseslər fonunda bölgədəki siyasi gərginlik necə dəyişəcək?

Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli Ajans.az-a bildirib ki, Suriyada Kürdistan dövlətinin yaradılması çoxdan gündəmdə olan bir plandır. O qeyd edir ki, Əsəd rejiminə qarşı vətəndaş müharibəsinin başlaması ilə bu mövzu aktuallaşmış və müzakirələrin mərkəzində yer almışdır:

“Kürd dövlətinin qurulması yönündə cəhdlər çoxdandır ki, mövcuddur. Bu məsələnin əsas ssenari müəllifi isə ABŞ-dır. Ağ Ev PKK, PYD və YPG kimi terror təşkilatlarını maliyyələşdirir və onları Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri hesab edir,” – deyə politoloq bildirib.

Politoloq hesab edir ki, PKK və PYD qruplaşmalarının Suriyada fəaliyyət göstərməsi Türkiyə üçün ciddi təhlükə yaradır. Bu səbəbdən ABŞ-ın bu təşkilatlara dəstəyi Ankara ilə Vaşinqton arasında gərginlik mənbəyinə çevrilib:

“ABŞ Dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri də bu məsələnin müzakirəsi ilə bağlı olub. Lakin bu səfərdən sonra Türkiyənin mövqeyində ciddi dəyişiklik müşahidə olunmur. Görüşlərdən sonra prezident Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Türkiyə həm İŞİD-ə, həm də PKK-ya qarşı mübarizəni dayandırmayacaq. Bu da onu göstərir ki, Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradan qruplaşmalara qarşı güzəştə gedilməsi mümkün deyil,” – politoloq vurğulayıb.

Elçin Xalidbəylinin fikrincə, ABŞ-da administrasiyanın dəyişməsi ilə Suriyadakı situasiya fərqli istiqamət ala bilər. Keçmiş prezident Donald Trampın açıqlamaları göstərir ki, onun administrasiyası PKK və digər terror təşkilatlarını əvvəlki kimi dəstəkləmək niyyətində deyil:

“Trampın yanaşması bu təşkilatlara olan dəstəyi məhdudlaşdırmağı nəzərdə tutur. Əgər ABŞ bu siyasəti davam etdirərsə, Suriyada Kürd dövlətinin yaranması ehtimalları zəifləyə bilər. Bölgədəki hazırkı vəziyyət Suriyanın gələcək xəritəsinin necə formalaşacağını qeyri-müəyyən edir. Bir tərəfdən, ABŞ və Qərbin dəstəklədiyi kürd təşkilatlarının dövlət qurma cəhdləri mövcuddur. Digər tərəfdən, Türkiyə bu planların qarşısını almaq üçün hərbi və diplomatik mübarizəsini davam etdirir”

Избранный
38
infoaz.ws

1Источники