RU

Cansız BOTanika bağı

“Ölü internet” nəzəriyyəsinə əsasən,internetdəki bütün bu prosesləri botlar həyata keçirirlər.Onlar real insanlar tərəfindən hazırlanan məzmunu sıxışdırır, alqoritmlərə əsaslanan süni məzmunla ictimai rəy formalaşdırırlar. Bu sistemin arxasında öz mal və xidmətlərini satmağa çalışan, insanların düşüncəsini yönləndirən nəhəng İT şirkətləri, korporasiyalar, hökumətlər dayanır.

“Ölü internet” nəzəriyyəsi necə yaranıb?

Məsələni ilk dəfə 2010-cu illərin axırında“IlluminatiPirate”adlı istifadəçi “4chan” forumunda qaldıraraq, internetin artıq öldüyünü yazmış, bu işdə şirkətləri, dövlət təşkilatlarını günahlandırmışdı. 2021-ci ildə iddiasını genişləndirib, “Agora Road” forumunda“Ölü internet nəzəriyyəsi: İnternetin əksəriyyəti saxtadır”başlıqlı məqalə yayımlamışdı: “İnternet artıq boşdur, real insanlardan, məzmunlardan uzaqdır.2007-ci ilin interneti ilə müqayisədə müasir internet tamamilə sterildir. Düzdür, ucsuz-bucaqsız görünə bilər, amma daxilən içi boş şara bənzəyir”.


Həmin il“The Atlantic”jurnalındakı“Bəlkə, nəzərinizdən qaçıb, amma internet beş il əvvəl ölüb”başlıqlı məqalə nəzəriyyəyə daha da məşhurluq qazandırdı.Botların interneti ələ keçirdiyinə dair nəzəriyyəyə inananlar o vaxtdan bəri günbəgün artır.İddia tərəfdarlarının statistikasına görə,2023-cü ildə bütün internet trafikinin 49,6%-ni insanlar yox, botlar əmələ gətiriblər.Üstəlik, bu nisbət ildən-ilə insanların əleyhinə dəyişir. Maraqlıdır ki, nəzəriyyə üzə çıxanda süni intellekt (Sİ) alətləri hələ kütləvi deyildi.

Sİ 2022-ci ilin axırında “ChatGPT”nin təqdimatı nəticəsində geniş yayıldı. Bu alət elmi tədqiqat üsulunu əlçatan interfeyslə çoxsaylı istifadəçiyə çatdırması baxımından əsl inqilab idi. “Statista”nınproqnozları göstərir ki,sürətlə böyüyənSİ texnologiyası və bazarının ümumi həcmi 2025-ci ildə 244 milyard, 2030-cu ildə isə 827 milyard dollara çatacaq.

“ChatGPT” ilə yanaşı, digər qabaqcıl dil modellərinin işə salınması dünya üzrə Sİ məzmununu eksponensial artımla çoxaltmağa başladı. Həmin məzmunları, xüsusən də mətnləri real insan məzmunundan ayırmaqartıq qeyri-mümkündür.Sİ-nin sürətlə inkişafı, tədricən “təbiilik” qazanması nəticəsində virtual aləmdə insan amilinin tamamilə aradan çıxma təhlükəsi labüd hala gəlməkdədir. Onun pis niyyətlə istifadəsi artarsa, saxta xəbərlər yayıla, informasiya mənbələrinə inam sarsıla, axtarış, yoxlama və etibarlı qərar vermə prosesləri çətinləşə bilər.


Sİ-nin yaratdığı saxta xəbərlər qlobal iqtisadiyyata dəfələrlə təsir göstərib, birja qiymətlərində dalğalanmalar, bazar tendensiyalarında çaşqınlıqlar yaradıb. Saxta xəbərlərin reklam bazarına təsirilə yanaşı, təhsilə, mediaya, mədəniyyətə, hətta siyasətə nüfuzu günbəgün artır. Sİ alqoritmi ictimai rəyi yönləndirmək, seçkilərə müdaxilə etmək və müəyyən ideologiyaları yaymaq məqsədilə işlədilə bilər.

Sosial şəbəkə platformalarının Sİ-yə aktiv inteqrasiyası, məsələn, virtual influenserlər, insan ünsiyyətinin təqlidinə əsaslanan çat-botlar əvvəl-əvvəl maraq oyadırdısa, indi istifadəçilər sanki boşluğa düşürlər: çünki məlumat çoxdur, amma mənasız və səthidir. Ruhsuz, şəxsiyyətsiz məzmunların yeganə məqsədi pul qazanmaq, bot hesablarının sosial platformalarda populyarlığını artırmaqdır. Bu tendensiya həm istifadəçilər, həm də media ekspertləri arasında narahatlıq doğurur.Onların qənaətincə, əmələ gələn keyfiyyətsiz media məkanı bir-birinə bənzəyən Sİ videoları ilə dolduqca real insan məzmununa maraq azalır. Keyfiyyətli materiallar eynitipli süni məlumatların kölgəsində itib-batır. Müxtəlif biznes sahələri öz reklamları üçün cüzi xərclə saysız material hazırlaya bilən Sİ-yə bel bağlasa da, gözlənilən nəticəni almır. Çünki süni məzmun daha rəğbət görmür.

“Ağıllı” alqoritmlər sosial şəbəkəni çoxdandır ki brendlərin, bloqerlərin süni məzmunun meydanına çevirib.Real ünsiyyət getikcə azalır. Hərçənd istifadəçilərin həmişə ünsiyyətə ehtiyacı var, ona görə də alqoritmlərin, brendlərin diktəsindən qurtulmaq məqsədilə qeyri-kütləvi platformalara üz tutmağa başlayacaqlar.


Ekspertlərin çoxu “ölü internet” nəzəriyyəsinin sadəcə uydurulduğunu diqqətə çatdıraraq, onu şişirtməkdən, məyus proqnozlar verməkdən çəkinirlər. Onlar əmindirlər ki, Sİ-nin yaratdığı məzmun interneti “öldürmür”, əksinə, rəqabətə təkan verir. Süni məzmunun (fotolar, videolar və s.) həcminin kəskin artması onun keyfiyyətinin azalması deyil. Məsələn, videoların Sİ ilə avtomatik sinxron tərcüməsi imkanından milyonlarla istifadəçi yararlanır. Eyni zamanda, operativ sorğu əsasında “süni” mətn, foto və video hazırlama alətləri gələcəkdə elə vüsət alacaq ki, bu, məzmun istehsalı bazarına yenidən baxılmasına stimul yaradacaq.

1990-cı illərin ortalarından etibarən yayılan nisbətən sadə zəminli internet ilbəbil mürəkkəbləşir. Sİ onun anlaşılmaz məntiqlə işləyən trilyonlarla verilənlər bazasına qarışdıqca qarışır. İnsan bu təkamüldən kənarda qalmamaq üçün 10-20 il ərzində çox çalışmalı, təhsildən siyasətədək bütün ictimai institutları nəzərdən keçirməlidir. Çünki Sİ-nin təsiri elektrikləşmədən, buxar mühərrikinin tətbiqindən qat-qat böyük olacaq.

Firudin Həmidov
AzVision.az
Избранный
16
1
azvision.az

2Источники