14-15 dekabrda Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.
Mediaturun əsas məqsədi Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. Kənan Quluzadə 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.
DTA sədrinin müşaviri qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24.519 kommersiya yönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu, eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard azn əlavə dəyərin yarandığını və bunun da ötən ilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olduğunu vurğulayıb.
2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlərin həyata keçirildiyini deyən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov təbiət və macəra, mədəniyyət, sağlamlıq və işgüzar tədbirlər kimi sahələrə, eyni zamanda qış turizmi fəaliyyətlərinə xüsusi önəm verildiyini bildirib. O ölkə turizminin təbliği və təşviqi baxımından yeni hədəf bazarlarının araşdırılması, turizm bazarlarına çıxışın asanlaşdırılması və mövcud turizm bazarlarında aktivliyin artırılması, o cümlədən ziyarətçi bazasının genişləndirməsi istiqamətində aktiv işlərin aparıldığını qeyd edib. Cavanşir Bayramov cari ildə Azərbaycanın turizm potensialının təbliği istiqamətində xarici media resurslarında, beynəlxalq turizm səgilərində, B2B görüşlərdə 30-a yaxın aktiv kompaniyaların aparıldığını bildirib.
2025-ci ildə “Şahdağ”ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov mövsüm qabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan hotellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrininin və atraksionlarının tam hazır vəziyyətə gətirildiyi bildirib. O son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işlərinin nəticəsində kompleksə səfər edənlərin sayında müsbət dinamikanın olduğunu, həm də ölkələrin coğrafiyasının genişləndiyini qeyd edib.
İki günlük tədbir çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından dekabr ayının 14-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellərde gecələyənlərin sayı 101.939 nəfər, mərkəzin xizəkçi və piyada kimi xidmətlərindən istifadə edən qonaqlarının sayı isə 266.579 nəfər təşkil edib.