RU

Fərid Qayıbov: “Azərbaycan Şahmat Federasiyasının işindən razıyıq”

Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov və qurumun I vitse-prezidenti Faiq Həsənov iştirak ediblər.

AŞF I vitse-prezidenti öncə il ərzində keçirilən yarışlara diqqət çəkib. O bildirib ki, Azərbaycan çempionatlarının hamısı yüksək səviyyədə təşkil olunub: “Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi. Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə Olimpiada oldu. Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Yarışı 8-ci yerdə bitirdik. Qadın şahmatçılarımızın şansı olsa da, təəssüf ki, alınmadı".

Daha sonra AŞF prezidenti ilin uşaq şahmatı üçün uğursuz alındığını vurğulayıb. O, Olimpiadada çıxışı da uğursuz sayıb: “Yalnız Ülviyyə Fətəliyevanın uğurunu qeyd etməliyəm. Onun Avropa çempionu olması ili bir qədər rəngarəng etdi. Artıq yeniliklər olacaq. Yeni ildən etibarən Azərbaycan çempionatında bütün şahmatçıların iştirakı vacibdir".

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan şahmatçıları üçün ilin zəngin və məhsuldar alındığını deyib: “Hər zaman yaxşı nəticələr olmur. Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü. Bu, illərlə görülən işlərin nəticəsidir. Şahmat ailəsi hər zaman bərabərdir. Federasiya hərtərəfli və düzgün çalışır. Ənənəvi yarışlarımız keçirilir, beynəlxalq turnirlərə ev sahibliyi edirik. Hər dəfə müxtəlif yaş qruplarında nəticə olur. Bu da bütün bölgələrdə bu idman növünə göstərilən qayğı, dövlətin dəstəyinin nəticəsidir. İnanıram ki, yaxşı nəticələr davam edəcək. Biz nazirlik olaraq federasiyanın işindən razıyıq”.

Emin Ağa
İdman.biz

Избранный
23
idman.biz

1Источники