RU

Psixoloqdan ailə qurmağa hazırlaşan gənclərə tövsiyə

Bakı, 16 dekabr, AZƏRTAC

Cütlüklərin psixoloji uyğunluğunu müəyyən etmək üçün ilk olaraq emosional ehtiyaclar və şəxsi sərhədlər bilinməlidir. Fərdi dəyərlər, həyat məqsədləri və münasibətdən gözləntilər haqqında səmimi söhbətlər aparmaq lazımdır. Bu uyğunluğu təsdiq etmək üçün psixoloji testlər və anketlərdən istifadə olunur. Şəxsiyyət tipləri və emosional halları ölçən psixodiaqnostik testlər keçirərək, cütlüklərin münasibətlərini dəyərləndirmək mümkündür. Cütlüklərin münaqişə zamanı davranışları, stresə reaksiyaları və qərar vermə prosesləri müşahidə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, birlikdə vaxt keçirmək və müxtəlif çətin situasiyalarda bir-birilərinə necə dəstək olduqlarını təhlil edərək, uyğunsuzluqları aşkara çıxa bilərlər. Tərəflər psixoloji travmalarını paylaşaraq bir-birini daha yaxşı tanımalıdır. Eyni zamanda, münasibətin hər iki tərəfə emosional təhlükəsizlik və dəstək verdiyinə əmin olmaq lazımdır. Cütlük terapiyasına müraciət etməklə gələcək münaqişələri əvvəlcədən müəyyən etmək və sağlam münasibətlər qurmaq olar.

R.Nəcəfov qeyd edib ki, uyğunluq yalnız oxşarlıqlarda deyil, fərqlərin hörmətlə qarşılanması ilə tənzimlənir: “Psixoloji uyğunluq cütlüklərin birgə həyatdakı çətinliklərə qarşı mübarizə üçün təməl yaradır. Mübahisələri konstruktiv şəkildə həll etmək üçün ilk addım hər iki tərəfin bir-birini dinləməyə hazır olmasıdır. Münasibətləri dialoq sağlamlaşdırır. Aktiv dinləmə zamanı tərəflər bir-birinin hisslərini və fikirlərini qəbul etdiklərini göstərməlidir. Problemləri təhlil edərkən, ittiham və ya qərəz dilindən uzaq durmaq vacibdir. Cütlüklərin öz hisslərini empatiya quraraq ifadə etmələri daha faydalıdır. “Sən həmişə belə edirsən” əvəzinə, “Bu vəziyyətdə özümü narahat hiss edirəm” demək daha doğrudur. Mübahisələrin məqsədi həll yolu tapmaq olmalıdır, qalib və məğlub axtarmaq deyil.

Tərəflər, emosional reaksiyalarını idarə edə bilmədikləri hallarda qısa fasilə vermək və sakitləşmək üçün zaman ayıra bilərlər. Kompromis mədəniyyətini inkişaf etdirmək və hər iki tərəfin maraqlarına cavab verən ortaq qərarlar qəbul etmək mübahisələri müzakirələrlə əvəz edir. Problemləri şəxsiləşdirməmək vacibdir. Mübahisələrdən sonra bir-birindən üzr istəmək və hər iki tərəfin hisslərini müzakirə etmək əlaqəni gücləndirir”.

Psixoloq cütlüklərə evlilikdən əvvəl stres və gərginliyi tənzimləmək üçün məsləhətlər verib: “Stres və təzyiqlərlə mübarizə aparmaq üçün cütlüklər açıq və səmimi ünsiyyət qurmalıdırlar. Hər iki tərəf bir-birinin stres mənbələrini başa düşməli və bunları aradan qaldırmaq üçün dəstək göstərməlidir. Stresi idarə etmək üçün birlikdə zaman keçirmək faydalıdır. Prioritetləri düzgün müəyyən etmək və birgə planlama aparmaq cütlüklərin stresi azaldaraq idarə etməsinə kömək edir. Cütlüklərin fərdi olaraq emosional sağlamlıqlarını qorumaq üçün fərdi terapiya və psixoloji seanslar almağı vacibdir. Bu yolla onların bir-birinə empatiyası münasibətləri möhkəmlənir.

Streslə bağlı məsələləri müzakirə etməkdən çəkinməmək vacibdir, çünki susqunluq problemləri daha da dərinləşdirə bilər. Ailədə susmaq yox, paylaşmaq lazımdır. Stresli vəziyyətlərdən sonra birgə vaxt keçirmək və əlaqəni gücləndirən jestlər etmək münasibətə müsbət təsir göstərir. Cütlüklərin streslə mübarizədə psixoloji dəstək almalarına ehtiyac varsa, təxirə salmaq olmaz”.

R.Nəcəfov fərqli həyat tərzlərinin münasibətə həm müsbət, həm də mənfi təsir edə biləcəyini diqqətə çatdırıb: “Müxtəlif dünya görüşləri münasibəti zənginləşdirə, lakin anlaşılmazlıqlara səbəb ola bilər. Bu, cütlüklərin psixoloji uyğunsuzluğunda müşahidə olunan hal kimi dəyərləndirilir. Cütlüklər bu fərqləri qəbul etməyi və bir-birinin seçimlərinə hörmət göstərməyi öyrənməlidir.

Həyat tərzlərinin uyğunlaşdırılması üçün açıq ünsiyyət və empatiya vacibdir. Evlilik öncəsi cütlüklər fərqlilikləri qəbul edib, bu fərqləri münasibətlərinə necə uyğunlaşdıracaqlarına dair ortaq qərarlar verə bilər. Müxtəlif həyat tərzlərini münasibətə təhdid kimi deyil, inkişaf fürsəti kimi görmək önəmlidir”.

Psixoloq qeyd edib ki, evlilikdən əvvəl ailələrlə münasibətlərin tənzimlənməsi üçün dəyər və hörmətli ünsiyyət əsasdır. “Hər iki tərəf ailələrini bir-birinə tanıdaraq doğmalıq mühiti yarada bilər. Şəxsi sərhədləri qorumaq və ailələrin münasibətə həddən artıq müdaxiləsini məhdudlaşdırmaq vacibdir. Cütlüklər ailələrlə qarşılaşan problemləri birgə müzakirə edib, ortaq həll yolları tapmalıdır. Münaqişələrin qarşısını almaq üçün hər iki tərəf ailələrin fərqli mədəniyyət və dəyərlərini başa düşməyə çalışmalıdır. Mühit və ailə gözləntilərinin başa düşülməsi münasibətlərin harmoniyasını artırır”, - deyə R.Nəcəfov əlavə edib.

Избранный
20
1
azertag.az

5Источники