RU

AİB Qafqaz və Mərkəzi Asiya üzrə inflyasiya proqnozlarını yeniləyib:Azərbaycanın inflyasiya hədəfi

Asiya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya subregionu üzrə inflyasiya proqnozlarını yenidən nəzərdən keçirərək, 2024-cü ilin sentyabr ayı hesabatında göstərilən 6,9 faiz göstəricisini 6,8 faizə endirib.

Fins.az xəbər verir ki, 2025-ci il üçün inflyasiya proqnozu dəyişməyərək 6,2 faiz səviyyəsində qalıb.

Proqnozların aşağı salınması subregionun bəzi ölkələrində orta inflyasiya təzyiqlərinin azalması ilə əlaqələndirilir.

"Gürcüstanda həyata keçirilən ölçülmüş pul siyasəti nəticəsində inflyasiya aşağı səviyyədə qalıb və 2024-cü ilin yanvar-sentyabr aylarında 1,1 faiz təşkil edib. Oxşar tendensiya Qırğızıstan Respublikasında da müşahidə edilib. Malların əksər kateqoriyaları üzrə qiymət artımının yavaşlaması ilin ilk doqquz ayında orta illik inflyasiyanın 4,8 faiz səviyyəsində olması ilə nəticələnib", - deyə hesabatda vurğulanıb.

AİB ekspertləri bildiriblər ki, aşağı qlobal əmtəə qiymətləri Tacikistanda da inflyasiyanın azalmasına müsbət təsir göstərib. 2024-cü ilin ilk üç rübündə Tacikistanda inflyasiya 3,5 faiz təşkil edib ki, bu da mərkəzi bankın hədəf səviyyəsindən xeyli aşağıdır.

Hesabata görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üzrə inflyasiya proqnozlarında dəyişiklik olmayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) isə 2024 və 2025-ci illər üçün illik inflyasiyanın 4±2 faiz hədəf diapazonunda qalacağını proqnozlaşdırır. AMB-nin 2024-cü ilin oktyabr ayı üzrə son proqnozuna əsasən, inflyasiya səviyyəsi 5,1 faiz olaraq qiymətləndirilir.

2024-cü ilin sonuna Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın 9,8 faizədək azalacağı gözlənilir (iyul ayı proqnozu: 10,3 faiz). Bu azalmanın Azərbaycanda inflyasiyanı təxminən 0,2 faiz bəndi aşağı salacağı proqnozlaşdırılır.

2025-ci il üçün inflyasiya proqnozu 5,8 faiz səviyyəsində müəyyənləşdirilib. Bu göstəriciyə müxtəlif amillər, o cümlədən dövlət istehlakı (+0,41 faiz bəndi), ev təsərrüfatlarının istehlakı (+1,61 faiz bəndi), kənd təsərrüfatı məhsullarının qiymətləri (+3,33 faiz bəndi) və ticarət tərəfdaş ölkələrindəki inflyasiya (+2,42 faiz bəndi) təsir göstərəcək.

Fuad Mədətov
Fins.az

Избранный
5
5
fins.az

6Источники