"Hər il olduğu kimi Yeni il ərəfəsində Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O, Yeni il ərəfəsində Azərbaycana ən çox hansı ölkələrdən turist gəlməsi barədə danışıb:
"Azərbaycana gələn əcnəbi turistlərin böyük əksəriyyəti Rusiya, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya və ərəb ölkələrindən gəlir. Həmin turistlər əsasən dağlıq və şimal bölgələrinə üz tuturlar. Onlar, xüsusən Quba, Qusar, Şəki, Qax və Zaqatala bölgələrinə daha çox üstünlük verirlər".
Ekspert qeyd edib ki, qar mövsümünün olması ölkəmizə daha çox turist cəlb edir:
"Üstəlik, bu il yağıntının miqdarı əvvəlki ilə nisbətən çox oldu. Ölkəmizə gələn turistlər də hava durumunu yaxından izləyir və öz səyahətlərin ona əsasən planlayırlar. Məsələn, Hindistan və Pakistanın böyük hissəsi isti olan bölgələrdir. Ona görə də həmin ölkələrdən gələn turistlər daha çox dağ-xizək kurort bölgələrinə - Şahdağ və Tufandağ istiqamətlərinə maraq göstərirlər".
Mütəxəssis Azərbaycanın gələcək turizm potensialından da söz açıb:
"Gələcəkdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında da dağ-xizək komplekslərinin yaradılması həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Həmin bölgələrdə relyefə uyğun olaraq dağ-xizək kurortlarının yaradılması böyük zərurətdir. Hesab edirəm ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu yeni bir turizm zonası kimi təşviq edə bilərik".
Rəhman Quliyev vurğulayıb ki, Azərbaycan gələcəkdə bütün profillər üzrə turist qəbul etmək üçün böyük potensiala sahibdir:
"Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, yarışmalar və konfranslar Azərbaycan turizmi üçün hədəfli bir reklamdır. Çünki onlar sayəsində bütün dünyanın gözü ölkəmizə yönəlir.
Məsələn, COP29 kimi beynəlxalq konfransın ölkəmizdə keçirilməsi də Azərbaycan turizmini bir daha dünyaya tanıtdı. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı bundan sonra da artmağa davam edəcək".
Pərviz