RU

“Məsuliyyətimizi dərk edirik” - Millimizin oyunçusu

Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Avropa çempionatının əsas seçmə mərhələsinin İsveçlə sabahkı görüşü barədə fikirlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib: 

“Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədərə bir neçə yoldaşlıq oyunları keçirdik. Heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Biz oyunçular da məsuliyyətimizi dərk edirik. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

Futzalçı rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib: “İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşə komanda olaraq birgə baxdıq. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah etdi. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı da danışıb: “Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıb. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq.
Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutacaq Azərbaycan – İsveç oyunu sabah saat 20:00-da başlayacaq.

Избранный
36
fanat.az

1Источники