RU

"Hətta ata-analar belə sizin əmlakınızı sizə verməyə bilərlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son illər baş verən ailə münaqişələrinin əsas səbəblərindən biri də ata, ana, qaynana, qaynatadan qalan var-dövlət uğrunda mübarizədir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, təəssüflər olsun ki, nikahların pozulması zamanı əksəriyyət daha çox uşağı düşünmür, ancaq qaynana, qaynatadan qalma daşınan və daşınmaz əmlakın bölünməsi ilə bağlı məhkəmələrə müraciət edir: "Hətta uşaqları silah kimi istifadə edən daha çox qadınlara, son vaxtlar isə kişilərə də rast gəlirik. Arvad, qaynana, qaynata hesabına varlanmaq istəyən, iş quran kişilərin öz həyat yoldaşlarını atıb digər xanımlara üz tutması sayları artdıqca sanki qadınlarımız da kişilərimizdən intiqam almağa başladılar. Onlar boşanma zamanı daha çox kişiyə hücum edir, ona zərbə vurmaq üçün həyat yoldaşının özünün adında olan varidatı, bəzən də qaynana, qaynatada olan evləri onun əlindən almağa çalışır. Bununla da öz hökmranlıqlarını sübut etməyə çalışırlar.

Son illər daha çox Azərbaycanda evlilik zamanı əmlakla bağlı məlumatların yazılı şəkildə notariusda təsdiqlənmiş formada bir-birinə verilməsini təklif etmişdik. Fikirləşirik ki, insanlarımız evliliyə qədər nələri varsa, hətta valideynlərindən varis qala biləcək bir çox əmlakları notariusda təsdiqlədib arayış şəklində bir-birinə ötürə bilərlər ki, hansısa konfliktə girəndə, boşanma hadisəsi baş verəndə bu arayış hər iki tərəfə imkan yaradır ki, məhkəmədə öz mülkiyyət hüquqlarını qorusun.

Daha çox kişilər tərəfindən aldıqları daşınmaz əmlak, varidatın yaxın qohumlarının adına rəsmiləşdirilməsinin təhlükəli tərəfi də var. Bacı, qardaş, xala, əmi, bibi, dayı, onların uşaqları, hətta ata-analar belə sizin əmlakınızı sizə verməyə bilərlər. Başınıza nəsə gələndə, boşanma olmasa belə, uşaqlarınıza, həyat yoldaşınıza o əmlakı verməyə bilərlər. Hər iki tərəfdən belə təhlükəli hal var. Bu addımı atan insanlar düşünməlidirlər".

Onun sözlərinə görə, nikaha daxil olandan sonra qazandığınız əmlakı kimin adına keçirsəniz də, məhkəmə predmeti ola bilər: "Boşanma zamanı hər iki tərəf nikaha girəndən sonra əldə edilmiş ümumi mülkiyyət sayılan varidatı tələb edə bilərlər. Nikaha daxil olmamışdan əvvəl ata-ananın adına nəsə alınıbsa, hazırkı qanunvericilik imkan vermir ki, boşanma zamanı tərəflər həmin əmlaka iddialı olsunlar. Məhkəmə çox zaman bunu nəzərə alıb qərar kimin adına sənədləşdirilibsə daşınan və daşınmaz əmlakı o şəxsdə də saxlayır. Eyni zamanda nəinki əmlakla bağlı, həm də məvacib və əlavə gəlirlərlə bağlı problemlər var. Boşanma zamanı bir var rəsmi məvacib, bir də digər gəlirlər var. İndi qara iqtisadiyyatın bir çox tərəfləri bağlanıb. Hər kəs istər müqavilə, istər xidməti müqavilə, istərsə də digər gəlirləri rəsmiləşdirməyə borcludur. Rəsmiləşdirməyənlər qanun qarşısında cavabdehdir. Onu tapmaq asandır, çünki sistemləşdirilib. Artıq İqtisadiyyat Nazirliyi, Vergilər idarəsində bunlar kompüterə salınıb. Portal vasitəsilə kimin hansı gəlirə malik olması göstərilir. Məhkəmə qərar çıxarsa, məhkəmə predmeti olaraq sübut kimi göstərmək mümkündür. Bu zaman da bir qədər sivilliyə riayət etmək lazımdır. Amma bütün bunlara rəğmən insanlarımız evlənən zaman yalnız əmlak üçün yox, həm də övladları, gələcəkləri, nəslin nüfuzu üçün müəyyən məsələləri düşünməlidirlər. Buna uyğun da hərəkət etməlidirlər. Heç kim özü ilə heç nə aparmır. Əmlak, var-dövlət uğrunda mübarizəyə ömürlərini sərf etməkdənsə, hər şeyi sıfırlayıb təzədən başlamaq, yeni uğurlar qazanmaq daha yaxşı olar".

Müəllif: Söylü Ağazadə
Избранный
22
sia.az

1Источники