"Şamaxı"nın heyətində yer alan Edqar Adilxanov futbol ictimaiyyəti üçün o qədər də tanış sima deyil. Hətta çoxları onu milliləşdirilmiş futbolçu hesab edir. Lakin 19 yaşlı futbolçu Qusarda doğulub. Rekord.az-a açıqlamasında özü haqda daha ətraflı məlumat verdi: "Qusarda doğulmuşam, futbolla da ilk olaraq, orada məşğul olmağa başlamışam. Amma topla ilk tanışlığım 2 həftə çəkdi və daha sonra futbolu buraxdım. Lakin tale elə gətirdi ki, yenidən futbola qayıtdım. Pullu qrupda məşq etdim, daha sonra "Neftçi" mənimlə maraqlandı, bu klubun futbol akademiyasına qoşuldum. Bir müddət orada məşq etmişəm, oynamışam. İki ildən sonra "İnter"ə keçdim. Daha sonra "İnter" "Keşlə"yə, "Keşlə" isə "Şamaxı"ya çevirildi. Peşəkar futbolda ilk addımlarımı da məhz "Şamaxı"da atmışam. Klub  hələ I Divizionda çıxış edəndə bu komandanın formasını geyinmişəm. Bu ildən isə Premyer Liuqada debüt etmişəm"


Söhbətimiz "Şamaxı" ilə oyundan sonraya təsadüf etdiyi üçün bu oyunla bağlı fikirlərini də öyrəndik: "Qarlı hava idi. Belə havada futbol oynamaq xeyli çətinləşir. Ona görə meydançada daha çox mübarizə futbolu getdi"


Gənc futbolçu I Divizionla Premyer Liqa arasındakı fərqdən də söz açdı: "Tamam başqa səviyyələrdən söhbət gedir. Birinci növbədə temp fərqlidir. Fiziki baxımdan da böyük fərq var. Şükürlər olsun ki, bizim komandamızda yer alan futbolçular Premyer Liqanın tempi ilə ayaqlaşmağı bacardı. Mən özüm I Liqada ümumilikdə 11 oyunda forma geyinmişdim. Baxmayaraq ki, heç birində start heyətində yer almamışdım, amma baş məşqçimiz Ayxan Abbasov Premyer Liqada da məni heyətı daxil etdi, bu gün də inanaraq şans verir. Mən də əlimdən gələni maksimum səviyyədə edirəm ki, baş məşqçimiz mənə güvənməkdə davam eləsin".


Eqdar "Şamaxı"nın hazırda düşüdüyü çətin durumdan da söz açdı: "Bəli, durumumuz arzuolunan deyil. Düşünürəm ki, problem ilk növbədə psixoloji faktorla bağlıdır. Ardıcıl məğlubiyyətlər, xal itkiləri komandaya pis təsir edir. Baxmayaraq ki, futbolda məğlubiyyətlər də qaçılmazdı. Amma komandamız yenidir, əksər futbolçular yeni gəlib və belə vəziyyətdə bizim zamana ehtiyacımız var. Mən əminəm ki, qışdan sonra tamam başqa "Şamaxı" görəcəyik. Qış transfer pəncərəsində yəqin ki, yeni, keyfiyyətli transferlərimiz də olacaq. Bir sözlə, komandamızdan 3-cü və 4-cü dövrədə uğurlu oyunlar gözləyirəm"


Həmsöhbətimiz gələcəkdə milli komandada oynamaq arzusunu da dilə gətirdi: "Bu günə qədər U-17 və U-19 millilərində forma geyinmişəm. Əsas milli komandanın formasını geyinmək isə təbii ki, mənim də arzumdu. Bunun üçün nə etməliyəm? Öz üzərimdə daha çox işləməli, daha çox artırmalıyam, daha çox məşq etməliyəm. Etiraf edim ki, hələlik oyunumla ciddi şəkildə fərqlənmirəm. Düzdür, mövqeyim də elədir ki, müdafiəyə meylliyəm, daha çox müdafiə olunuram, yəni o qədər gözə görünmürəm. Amma üzərimə düşəni maksimum səviyyədə etməliyəm ki, gələcəkdə milli komandaya dəvət alım. Öz ölkənin millisində forma geyinmək, öz ölkəsinin bayrağını təmsil etmək hər bir uşağın arzusudur".


Anar XANLAROV