RU

Fövqəladə hallarda köməyimizə çatanlar

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramıdır. Düz, 19 il öncə Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Fəaliyyət göstərdiyi 19 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.

Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Ən müasir maddi-texniki baza

Dövlət başçısının xüsusi diqqəti nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin olunub və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil quruma çevrilib. Belə ki, nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. FHN-in informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişafı, elektron xidmətlərin təşkili, eləcə də respublikada baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112 zəng mərkəzi” yaradılıb. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin  qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah - avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir. Yeri gəlmişkən, təkcə 2024 ilin 9 ayında təbii və texnogen mənşəli hadisələr nəticəsində nazirliyin xilasediciləri tərəfindən 108 nəfərin həyatı xilas edilib, 914 nəfər isə təxliyə olunub. Bu müddətdə respublika ərazisində 12183 təbii və texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2 faiz azdır.

Şanlı Zəfərin qazanılmasına verilən töhfə

Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsi dövründə FHN-in strukturları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şanlı Zəfərin qazanılmasına da töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər. Eyni zamanda, FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Belə ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarə edilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Nazirliyin əməkdaşları bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Humanitar dəstək uğurla yerinə yetirilir

Prezident İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərə də biganə qalmayıb. Baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Ötən illərdə yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları peşəkarlıqlarını nümayiş etdiriblər.

Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Ötən ilin fevralında isə Prezident İlham Əliyevin tapşırığına əsasən FHN-in çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə xilasetmə işlərində iştirak ediblər. Türkiyə Prezidenti və xalqı xilasedicilərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə dövlətimizə və xalqımıza minnətdarlığını çatdırıb. FHN-in 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş, Hatay və digər şəhərlərində fəaliyyət göstəriblər. Həmçinin qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunub.

Əməkdaşların peşəkarlığı yüksəldilir

Qeyd edək ki, FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində müasir biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə nazirliyin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb. FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. O, xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib. Bu ilin 23-26 sentyabr tarixlərində isə nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesi həyata keçirilib. Proses Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın rəhbərlik etdiyi nümayəndə heyəti, 11 ölkədən qiymətləndiricilər və 7 ölkədən olan müşahidəçilər tərəfindən izlənilib. Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı imkanları barədə təqdimatlar olunub, ekspertlərin sualları cavablandırılıb. Sonra FHN BAXD-ın FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə 36 saat ərzində fasiləsiz taktiki-xüsusi təlimə start verilib. Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan təlimdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin, eləcədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) canlı qüvvə və texnikası ilə yanaşı, fövqəladə hallar könüllüləri də iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən beynəlxalq qiymətləndiricilər və müşahidəçilər tərəfindən canlı izlənilib.

Taktiki-xüsusi təlim zamanı mobillik, planlama, loqistika, fəlakət bölgəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, zərərçəkmiş ölkəyə əməliyyatların koordinasiyası üzrə dəstəyin göstərilməsi prosedurları həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması işləri həyata keçirilib. Təlim zamanı əməliyyatların müasir beynəlxalq idarəetmə və koordinasiya sistemləri üzərindən idarə olunması diqqət mərkəzində saxlanılıb. Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. 36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı keçirilib. Toplantının nəticələrinə əsasən, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG beynəlxalq sinifləndirilməsindən uğurla keçməsi barədə yekdil qərar qəbul olunub. Beləliklə, FHN-in Dəstəsi beynəlxalq arenada “MUSAR AZE-01” adı ilə təmsil olunacaq. Bununla bağlı müvafiq sertifikat, koordinasiya qruplarına fərqləndirici bayraqlar, TƏBİB-in tibb personalı da daxil olmaqla şəxsi heyətə fərqləndirici şevronlar təqdim olunub.

Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan FHN-in daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.

Beləliklə, nazirliyin əməkdaşlarının fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ şəkildə icra etməyə hər an hazır olduqlarını bir daha təsdiqləyir.

Избранный
8
3
hafta.az

9Источники