RU

İlkin Fikrətoğlu “Qarabağ”ı “xırdaladı” – Biz belə böyümək istəmirik

Təəssüf ki, qorxduğumuz başımıza gəlməkdədir.

“Qarabağ” böyük ehtimalla, bu mövsüm Avropa Liqasında pley-off mərhələsinə çıxa bilməyəcək.

Ümidimizi İsveçin kəskin şaxtası dondurdu.

Hər nə qədər özümüzü "Qarabağ"ın Skandinaviya klublarına qarşı oyunu uğurlu alınır" fikri ilə ümidləndirsək də, nəticə o inamı doğrultmadı.

“Qarabağ”ın “Elfsborq"la oyunöncəsi Kevin Medina və Bəhlul Mustafazadəni itirməsi, onsuz da, etibarsız görünən arxa xəttlə bağlı narahatlığı bir qədər də artırmışdı.

Julio Romaonun yenidən start heyətə qayıtması isə bu dəfə komandanın xeyrinə oldu. Braziliyalı dayaq yarımmüdafiəçisi “Qarabağ”da ən yaxşılardan idi.

Qurban Qurbanovun hər iki Andradeni - həm Patrik, həm Leandronu ehtiyatda saxlaması gözlənilməz oldu.

Start heyətdə meydana çıxan Aleksey Kaşuk isə oyunun ən “zəif bənd”lərindən idi. Ukraynalı legioner komanda yoldaşları ilə 1-2 epizodda yox ha, oyunboyu anlaşmaqda problem yaşadı.

Sağa ötürmə vermək lazım olanda, topu sola, sola pas məqamında sağa ötürmə verməklə hamımızda qıcıq yaratdı.

Tək Kaşuk deyildi. Abdulla Zubir tükəndiyini hər oyun açıq-aşkar nümayiş etdirir. Avroliqada məhlə "dir-dir"ı üslubunda oynamaqla çox uzaga gedə bilməzsən axı.

Yassin Benzia da bu oyunda ən zəiflərdən biri idi.

Səviyyəli legioner bu cür vacib, 6 xallıq oyunlarda bacarığını, məharətini ortaya qoyub, aldığı pula layiq olduğunu isbatlayır. “Qarabağ”ın adını çəkdiyimiz futbolçuları isə “Elfsborq”la matçda bir-birindən betər bərbad oynadı.

Hələ Emmanuel Addai lap faciədir! Meydana niyə çıxdığı, nə etməli olduğu sona qədər bilinmədi ki, bilinmədi! Belə əcnəbiilərlə biz Avroliqanın pley-offunu arzulayırdıq?

“Elfsborq” taktiki cəhətdən “Qarabağ”ı məğlub etdi. İlk hissədə topu bizimkilərə verib, əks-hücumlara bel bağladılar.

Qapı tiri, iki epizodda isə Mateuş Koxalskinin ustalığı “Qarabağ”ı qoldan xilas etdi. Fasilədə rəqib oyunçular baş məşqçidən başqa təlimat aldı. İkinci hissə başlayan kimi “Elfsborq”lular “Qarabağ”ın cərimə meydanına hücum çəkdi.

Bir zərbə yandan keçdi, birini Koxalski qaytardı, biri qol oldu, hakim ofsayda görə saymadı. Amma aşkar görünürdü ki, qapımıza qol yetişib, elə də oldu.

“Elfsborq”un təzyiqi nəticəsini verdi, rəqib hava və su kimi vacib qələbə qolunu vuraraq, pley-offa çıxmaq şansını artırdı.

“Qarabağ”ın şansı artıq möcüzəyə bağlıdır.

2024-cü ilin son avrokubok matçında uduzan Azərbaycan çempionu yanvarda keçiriləcək hər iki oyunda - həm Bakıda “Styaua”, həm Yunanıstanda “Olimpiakos"a qalib gəlməli, üstəlik, turnir cədvəlində “24-lüy”ə düşmək şansı olan digər komandaların uduzmasını gözləməliyik.

Bu isə reallıqdan çox, xəyala bənzəyir.

Qurban Qurbanovun Avropada hər dəfə uduzandan sonra dediyi "komanda belə məğlubiyyətlərlə böyüyür" deyimi özünü doğrultmadı. Əksinə, komanda uduzmağa adətkar oldu və bu da son!

Demək, yayda Çempionlar Liqasından təsadüfən kənarda qalmamışıq. Azərbaycan çempionatında düz-əməlli rəqabət görməyən “Qarabağ” hələ o səviyyədə turnir üçün hazır deyil.

Bu gedişlə deyəsən, Avroliqa da növbəti mövsüm bizim üçün əlçatmaz olacaq. Əgər uduza-uduza böyümək budursa, biz belə böyümək istəmirik.

İlkin Fikrətoğlu

Избранный
26
sportinfo.az

1Источники