RU

Moskvada "Hacı Məmmədov"un dəstəsi tutuldu - dəstədə Mərdəkan bələdiyyə müavininin qardaşı da var

Bakının Mərdəkan qəsəbə bələdiyyəsinin sədr müavini Sabir Dadaşovun qardaşı Araz Dadaşov Rusiya paytaxtında tutulub.

Rusiya mətbuatının yazdığına görə, Araz Dadaşov hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri və hərbçilərdən ibarət mütəşəkil cinayətkar dəstənin cinayət işi üzrə istintaq tədbirləri çərçivəsində həbs olunub.

Musavat.com xəbər verir ki, Araz Dadaşov “Krasnoqvardeyski” bazarının direktoru Hafiz Mahmudov və onun sevgilisi Mellerin qətl işinə görə həbsə alınıb.

Qətl 2003-cü ilin martında baş verib.

İstintaq müəyyən edib ki, Azərbaycan əsilli Araz Dadaşov və cinayət dosyesində “kriminal aləmdə əlaqələri olan naməlum şəxs” kimi adı keçən bir nəfərlə birgə Hafiz Mahmudovun qətlini planlayıblar.

Musavat.com-a daxil olan məlumatda bu şəxsin avqustun 7-də Mərdəkanda qətlə yetirilən, kriminal aləmdə Amin Mərdəkanski kimi tanınan Amin Xudaverdiyev ola biləcəyi ehtimalı var. Bildirilir ki, Amin Mərdəkanskinin Araz Dadaşovla zamanında yaxşı əlaqələri olub.

Qətlə yetirilən “Krasnoqvardeyski” bazarının direktoru Hafiz Mahmudov da Dadaşovların yaxından tanıdığı iş adamı olub. Belə ki, Sabirabad rayonunda olan Hafiz Mahmudovun qardaşı ilə Araz Dadaşovun qardaşı Sabir Dadaşov tələbə yoldaşı olublar. Qətlinə qədər Hafiz Mahmudovun Sabir Dadaşovla əlaqəsi varmış.

SABİR.jpeg

İttihama görə, Dadaşov və digər şəxs paqonlu killer dəstəsinə iş adamı Hafiz Mahmudovun bazardan vaxtaşırı külli miqdarda gəlir götürdüyü və həmin pulları evinə apardığı barədə məlumat veriblər. Razılaşıblar ki, Hafiz Mahmudov növbəti dəfə bazardan topladığı külli miqdarda vəsaiti evinə apararkən əldə etdikləri məlumatı paqonlu dəstəyə ötürəcəklər. Dəstə üzvləri Hafiz Mahmudovu öldürməklə üzərində olan pulun 200 min dollarını özlərinə, yerdə qalınını isə Dadaşov və onun şərikinə ötürmək öhdəliyi götürüblər.

Razılaşmadan sonra Hafiz Mahmudov dəstə üzvləri tərəfindən nəzarətə götürülüb. Onu izləyərək hərəkət marşrutlarını və hərəkət cədvəlini müəyyən ediblər. Dəstə üzvlərinə məlum olub ki, Hafiz Mahmudov Domodedovo rayonunun Qolubino kəndindəki bağından tez-tez Orexovoy bulvarındakı ofisə gedib-gəlir. Dəstə üzvləri ona hücum üçün hərəkət marşrutu üzrə asan və diqqətdən kənarda olan yer axtarıb, müəyyənləşdiriblər. Bu, Don şosesinin 63-cü kilometri, Kaşirskoye şosesinin çıxışı olub.

Martın 25-də sahibkar bazardan yığılan 500 min dollar pulu özünün “Mercedes S 500” markalı avtomobilinə qoyub və sevgilisi Mellerlə birgə Moskvadan bağ evinə yola düşüb. Bu haqda məlumat dəstə üzvlərinə ötürülüb. Polis forması geyinmiş dəstə üzvləri Kaşirskoye şosesinin çıxışında mövqe tutub Hafiz Mahmudovun “Mercedes S 500”nü gözləməyə başlayıblar. Az sonra şosedə Hafiz Mahmudovun maşını görünüb. Dəstə üzvləri avtomobili saxlayıb və sənədləri yoxlamaq bəhanəsi ilə Hafiz Mahmudovu və yanındakı xanımı öz avtomobillərinə keçiriblər. Mobil telefonları və içərisində 500 min dollar pul olan çantanı götürüblər. Onları Puşkinski rayonunun Sofrino kəndinə aparıblar. Orada onların hər ikisini məftillə boğub öldürüblər.

Sonra ayaqlarına 24 və 16 kiloqram ağırlığında çəki daşları bağlayıb və cəsədləri gölməçəyə atıblar. Paqonlu killer dəstəsinin üzvləri Dadaşovləra zəng edərək sifarişin yerinə yetirildiyini bildiriblər. İstintaq materiallarına görə, Hafiz Mahmudovdan öldürülməzdən əvvəl götürülən 500 min dolların 200 mini dəstə üzvlərinə, 300 mini isə Dadaşovlara çatıb.

2003-cü ildə Hafiz Mahmudovun və onun sevgilisi Mellerin yoxa çıxması ilə bağlı cinayət iş başlanıb. 6 il ərzində istintaq Mahmudov və Mellerlə bağlı hər hansı bir məlumat əldə edə bilməyib. 2009-cu ildə isə Moskva vilayətinin Puşkinski rayonu, Mitropolye kəndi yaxınlığındakı gölməçədə 2 cəsəd tapılıb. Bundan sonra qətl faktı üzrə daha bir cinayət işi başlanıb.

Lakin yenə də qatillərin izinə düşmək mümkün olmayıb. 2023-cü ilin martında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Zaporojye vilayətində yaşayan Vadim Paşayevi saxlayıb. Bundan sonra Vadim Paşayev suç ortaqlarına qarşı ifadə verib. Ötən ilin martında keçmiş polis Aleksey Çebotarev tutulub. O, bir sıra cinayətlərlə yanaşı, Hafiz Mahmudov və sevgilisi Mellerin qətl işi haqda da ifadə verib. Bundan sonra paqonlu cinayətkar dəstənin çeşidli cinayətlərinin üstü açılıb. Müəyyən edilib ki, 2000-ci ildə dəstə üzvləri pul mükafatı müqabilində vətəndaş Spirini qətlə yetiriblər. Meyiti Uspenskoye şosesi yaxınlığındakı meşə sahəsinə apararaq basdırıblar. Spirinin qətli sifariş edən şəxs müəyyən edilməyib.

Rusiya Daxili İşlər Nazirliyi istintaqa məlum olan 30 epizod barədə məlumat verib. Onların arasında: 2002-ci ildə Moskva yaxınlığındakı Odintsovoda Rusiya Dəmir Yolları nazirinin müşavirinin öldürülməsi; 2002-ci ildə Moskvada kommersiya şirkətinin sahibinin və onun mühasibinin oğurlanması və öldürülməsi;

2003-cü ildə Moskvada Dövlət Dumasının məsləhətçisini öldürməyə cəhd;

2002-2003-cü illər arasında bir neçə yüksək rütbəli cinayətkarın qətli də var.

Moskvanın Basmannı rayon məhkəməsi 2000-ci illərin əvvəllərində quldurluq, qəsb, adam oğurluğu və insanların qətli ilə bağlı 30-a yaxın epizodu olan dəstənin iddia edilən 4 üzvünə qarşı İstintaq Komitəsinin vəsatətlərini təmin edib. Onlar barəsində fevralın 6-dək həbs-qətimkan tədbiri seçilib. Daha 3 məhbus 1 gün əvvəl Basmannı məhkəməsi tərəfindən həbs edilib, onun lideri Pavel Xristev də daxil olmaqla, bu ilin yazında daha 6 nəfər istintaq təcridxanasına göndərilib.

Dəstə ilə bağlı o da məlum olub ki, 1998-ci ildə yaradılıb. Əsasən Moskvada, Moskva vilayətində, Kaluqa vilayətində, Krasnoyarsk diyarında və bir sıra digər bölgələrdə cinayətlər törədib. İstintaq saxlanılan şəxslərin həmin vaxt fəaliyyət göstərən “Taqanskaya” və “İzmailovskaya” mütəşəkkil cinayətkar qruplaşmalarında iştirak edib-etmədiklərini yoxlayır.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, dəstənin başçısı Pavel Xristevə bir vaxtlar Ukraynada yaşayıb və mütəmadi olaraq koordinasiya və rəhbərlik üçün Rusiyaya gəlib.

Bu ilin mart ayında belə başçəkmələrdən birində o, quldurluqda və əmlakı qəsdən məhv etmə və ya zədələmədə şübhəli bilinərək saxlanılıb. İş Kaluqa vilayətindən olan iş adamına hücum və avtomobilin yandırılması ilə bağlı başlanıb. Eyni zamanda müxtəlif cinayətlərdə ittiham olunan dəstə üzvlər - Xristevin oğlu Aleksandr, Araz Dadaşov, Maksim Pikalev və Vadim Paşayev saxlanılıblar. Xristev və yoldaşları ilə birlikdə Ukraynanın Xmelnitski vilayətindən olan, işsiz İvan Pilipyuk həbs edilib. Birincisi daha sonra qətldə, ikincisi isə qanunsuz silah saxlamaqda ittiham olunub.

Araşdırma nəticəsində bu il dekabrın əvvəlində terrorizmə qarşı mübarizə üzrə Xüsusi Çevik Reaksiya Dəstəsinin (SOBR) hazırkı qərargah rəisi Aleksey Alpatov və xüsusi təyinatlı polis idarəsinin baş idarəsinin əməliyyatçısı Sergey Volostın (Daxili İşlər Nazirliyinin Narkotik vasitələrin dövriyyəsinə nəzarət üzrə Baş İdarəsinin “Qrom”unun keçmiş əməkdaşı), həmçinin keçmiş FSB zabitləri Oleq Mixalev və Andrey Yaxnev, Müdafiə Nazirliyinin hərbçisi Dmitri Kuşakov, İrina Eqorova, Nikolay Truşkov, Sergey Anisimov və Kozlov tutulublar. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq tamah məqsədi ilə və ya muzdla adam öldürmədə (CM-nin 105-ci maddəsi) ittiham olunublar.

Məhkəmə dəstə üzvləri olduğu iddia edilən 7 nəfərlə bağlı İstintaq Komitəsinin vəsatətlərini təmin edərək fevralın 6-dək istintaq təcridxanasına göndərib. Volostnının həbsi ilə bağlı müraciətə gələn həftə baxılacaq.

Pavel Xristev 1961-ci ildə Mariupolda (o vaxt Donetsk vilayətinin Jdanov şəhərində) anadan olub. O, içkilər və tütün məmulatları da daxil olmaqla, qida məhsulları ticarəti ilə məşğul olan Briz-OP MMC-yə rəhbərlik edir. Şirkət Puşkinski şəhər rayonunda qeydiyyata alınıb.

Xristev Rusiya və Ukrayna vətəndaşıdır. Ukraynada Jitomir şəhərində, Rusiyada isə Sofrino-1 hərbi şəhərciyndə yaşayıb. 2004-cü ildə quldurluqda təqsirli bilinərək həbs cəzası alıb və 2010-cu ildə Vladimir vilayətindəki koloniyadan azad edilib. 2012-ci ildə Xristev “Ecotech-Markovo” MMC-nin sahibi olub. Şirkətin baş direktoru Nikolay Truşkovdur. MMC Moskva vilayətində qeydiyyata alınıb, əsas fəaliyyəti tullantı sularının toplanması və təmizlənməsidir.


Избранный
31
8
paytaxt.org

9Источники