RU

Fransanın müstəmləkə siyasətinin növbəti faciəsi: Mayotda nüvə müharibəsinə bərabər qasırğa - ŞƏRH

Fransanın dənizaşırı ərazisi sayılan Mayot adalarında tüğyan edən son 100 ilin ən pis qasırğasından bir neçə yüz və bəlkə də minlərlə insan ölə bilər.

"Report"un məlumatına görə, Mayot prefekti Fransua-Xavier Bievivil yerli mətbuata bildirib ki, ərazidə yollar tamamilə bağlanıb, bu isə xilasetmə işlərini çətinləşdirir.

Prefekt, həmçinin adaya humanitar yardımın göndərilməsində problemlərin yaranacağını qeyd edib.

Dekabrın 14-nə keçən gecə baş verən, onlarla insanın ölümünə və geniş dağıntılara səbəb olan "Çido" qasırğası ada sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Mayot adalarının əhalisi 320 min nəfərdir, bir çox yerli sakinlər qida və içməli su çatışmazlığının olduğunu, başlarının üstündə damlarının olmadığını söyləyirlər.

“Bu, nüvə müharibəsini yaşamaq kimi hissdir. Bütöv bir sahə gözümün önündə yox oldu”, - sakinlərdən biri "Reuters"ə deyib.

276ea1f0-bd59-3148-8a3b-0666b1b4010a.jpg

Qeyd edək ki, Mayot demək olar ki, tamamilə Fransanın maliyyə yardımından asılıdır. Buna baxmayaraq, Fransa Mayota bugünədək heç bir investisiya ayırmayıb, son günlər adada çoxsaylı insan ölümü ilə nəticələnən təbii fəlakətin qarşısının alınması istiqamətində texniki yardım belə göstərməyib.

Mayot adaların əhalinin 70 faizi yoxsuldur, orada tikililər elə haldadır ki, qasırğa nəticəsində dağıntılar da çoxdur və ölənlərin sayı bəlkə də yüzlərlədir.

224ab83f-4be8-38c1-8382-5bf436189e4e.jpg

Rəsmi Paris hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır. Fransız müstəmləkəçiliyinin ən pis nəticələrini yaşayan bölgələr arasında Mayot xüsusi seçilir. Hind okeanında, əsas dəniz yollarının yaxınlığında yerləşən bu ərazi Fransanın regionda mövcudluğu üçün strateji əhəmiyyət kəsb edir. Ada Fransanın regionda güc və təsir göstərə biləcəyi baza rolunu oynayır.

Məlumat üçün bildirək ki, 1976-cı ildən Mayot Fransa ilə Qəmər Adaları arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayot muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Qəmər Birliyinin Mayot adasına hüquqlarını tanıyır.

Çin və Hindistan kimi nəhəng ölkələrin Hind okeanında rəqabətinin artdığı bir dövrdə Mayotun əhəmiyyəti daha da qabarıq görünür. Fransanın bir hissəsi olaraq Mayot ölkəyə balıqçılıq, neft və qaz kəşfiyyatı kimi dəniz resursları üzərində əhəmiyyətli hüquqlar təmin edən genişləndirilmiş Eksklüziv İqtisadi Zonaya giriş imkanı verir. Eksklüziv İqtisadi Zona ölkənin sahil zolağından 200 dəniz milinə (təxminən 370 km) qədər uzanan dəniz zonasıdır və burada həmin ölkənin dəniz ehtiyatlarını kəşf etmək, ondan istifadə kimi xüsusi hüquqları var.

Mayot ətraf suları Fransanın dəniz iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən dünyanın ən böyük Eksklüziv İqtisadi Zonalarından birinə sahib olmasına kömək edir. Dənizaşırı ərazilərin sayəsində Fransa dünyada ikinci ən böyük Eksklüziv İqtisadi Zonaya malikdir. Mayotu özündə saxlamaqla Fransa materikdənkənar ərazilərdə qlobal güc olaraq siyasi irsini, mədəniyyətini və dilini miras saxlamağa çalışır. Mayotun itirilməsi Fransanın imperiya keçmişindən doğan böyük güc kimi nüfuzunun zəifləməsi kimi qiymətləndirilə bilər.

Bu gün Makron hakimiyyətinin siyasəti müstəmləkə ərazisində əhalinin daha çox məhvinə yönəlib, rəsmi Paris onların əvəzinə bu ərazilərə fransızlar köçürərək demoqrafik vəziyyəti dəyişir.

Ada sakinlərinin əsas tələblərinə gəldikdə, buraya Mayotun məqsədyönlü şəkildə fransızlaşdırılması, şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi, yarım əsrdən çox hərəkətsizlikdən sonra rekord müddət ərzində Mayotda əsas infrastrukturun əhəmiyyətli dərəcədə inkişafı həyata keçirilməsi daxildir.

Eyni zamanda, Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi, çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Mayot adasının Fransanın departamentinə çevrilməsinə son qoyulmalıdır.

Digər tələblər içərisində fransızların Mayota kütləvi köç etməsinə son qoyulması istənilir.

Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcudluğunun Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.

Beləliklə, hər 4 okeanda mövcudluq Fransanın qlobal güc kimi imicinin qorunub-saxlanması ambisiyası ilə bağlıdır. Mayotun itirilməsi Fransanın digər dənizaşırı əraziləri üçün presedent yarada bilər. Buna görə də Fransa hökuməti müstəqilliklə bağlı istənilən demarşa aqressiv reaksiya verir.

Yaxın vaxtlarda bu istiqamətdə aktiv fəaliyyətin başlayacağını gözləmək olar. Qeyd edilir ki, Mayot adası hazırda Fransanın müstəmləkə siyasətinə qarşı savaşmağa çalışır.

c9325753-d0fb-3678-b3ec-0bbce35b5446.jpg

Fransaya qarşı keçmiş müstəmləkələrdə artan narazılıq səngimir. Ard-arda həmin ərazilərdə Fransa əleyhinə etirazlar qalxır, müstəmləkə üsul-idarəsinə qarşı narazılıqlar artır. Mövcud Emmanuel Makron hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində artıq Niger, Qabon və digər keçmiş müstəmləkələrdən Fransa biabırcasına qovulub və proses dənizaşırı vilayətləri də əhatə etməyə başlayıb.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib.

cfb32897-a62e-3d4d-8a5a-cf614cb982ff.jpg

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışında məhz bu dövlətlərin XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Fransanın dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır: "Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur".

Rəsmi Bakı dəfələrlə kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirib, fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib.

Избранный
17
5
musavat.com

6Источники