RU

Aqrar sığorta fermerləri hansı risklərdən qoruyur?

Cari ilin 10 ayında dövlət tərəfindən fermerlərə 4 milyon manat sığorta ödənişi edilib

Hazırda kənd təsərrüfatında ən qlobal təhlükə təbii fəlakətlərdir. Eyni zamanda, bazar qıtlığı, plansız istehsal da kənd təsərrüfatı məhsullarının aşağı qiymətlərlə satışına təsir edə bilir ki, bu da xərclərin gəliri dəfələrlə üstələməsinə səbəb olur. Bu, bir həqiqətdir ki, ancaq gözlənilər riskləri diqqətdə saxlayaraq bütün bunlardan sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər.

Məlumdur ki, bu ilin yaz və yay aylarında ölkəmizdə havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə 2024-cü ildə davamlı yağan yağışlar, dolu düşmələri, ən dəhşətlisi isə sel sularının bütövlükdə əkin sahələrini basması meyvə ağaclarının çiçəklərini, tərəvəz və bostan bitkilərinin şitillərini yararsız hala salıb. Nəticədə ölkə fermerlərinin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının bir hissəsi məhv olub. Təbii ki, bunun ən böyük zərəri fermerlərə dəysə də həm də bazarlarda qıtlıq və bahalıq yaradır.

Bir sözlə, məhz hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına dəyən ziyandan sonra sığorta məsələsi aktuallaşmağa başlayıb. Xüsusilə fermerlərin əksəriyyətinin sığortası olmadığından belə vəziyyətlə qarşılaşdıqda ziyanı özləri qarşılamalı olurlar. Məhz bütün bunlara rəğmən son zamanlar ölkə fermerləri aqrar sığortaya maraq göstərməyə başlayıblar. Aqrar sığorta məsələsi «Aqrar sığorta haqqında» Qanuna əsaslanır. 2019-cu ilin iyun ayında qəbul edilən sözügedən Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.

Aqrar Sığorta Fondunun (ASF) nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat ayrılıb. ASF-nin mətbuata açıqlamasında bildirilib ki, cari ilin 10 ayında fermer və təsərrüfatlara 4 milyon manat sığorta ödənişi edilib. İlin sonunadək isə bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 11 milyondan artıq sığorta ödənişi edilib. Bugünlərdə isə aqrar sığorta çərçivəsində meyvə bağları və sair əkinlər üzrə növbəti böyük məbləğdə ödənişlər həyata keçirilib. Ödənişlər Xaçmaz və Quba rayonlarında müxtəlif hadisələr nəticəsində zərər çəkmiş fermer və təsərrüfatları əhatə edib.

Aqrar Sığorta Fondunun məlumatına görə, Xaçmaz rayonunda yerləşən «TREK SERVİCE ENGİNEERİNG» MMC şirkətinə badam bağına dəymiş zərər üzrə ödəniş edilib. Rayonun Cığatay kəndində yerləşən şirkətin badam bağına donvurma nəticəsində böyük zərər dəyib. Bu barədə məlumat aldıqdan sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata ezam edilən ekspertlər zərəri hesablayıblar. Nəticədə, badam bağlarına dəymiş zərər üzrə rekord məbləğdə – 73 min 768 manat ödəniş həyata keçirilib. Bu, indiyədək Azərbaycanda badam bağına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir. Bundan əlavə, Xaçmaz rayonunda yerləşən digər təsərrüfatda alça bağına quşların vurduğu zərər üzrə «vəhşi heyvanların hücumu» riski nəticəsində 2 min 551 manat sığorta ödənişi edilib.

Quba rayonunda isə taxıl sahəsini dolu vurması nəticəsində təsərrüfata dəymiş zərər üzrə sahibkara 15 min 420 manat ödənilib. Eyni zamanda, taxıl sahəsinə vəhşi çöl donuzlarının hücumu nəticəsində «vəhşi heyvanların hücumu» riski üzrə 1546 manat ödəniş həyata keçirilib. Bununla yanaşı, rayonda yoluxucu xəstəlikdən tələf olmuş mal-qaraya görə kiçik təsərrüfata 4 min 680 manat məbləğində sığorta ödənişi edilib.

Sığorta haqqının əlli faizini fermerlərə dövlət ona görə ödəyir ki…

O da məlumdur ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir və sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş həyata keçirməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Kənd təsərrüfatı mütəxəssisləri bildirirlər ki, aqrar bölmənin inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənməsi bundan sonra da artacaq. Çünki fermerlərin bu məsələyə marağı artıb.

Faktlardan və rəqəmlərdən də göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Təbii ki belə bir şəraitdə aqrar sektor istehsalçıları normal sığorta təminatı əldə etsələr, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarların müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu da stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin normal işləməsindən asılı olacaq.

Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılıb. Burada yaradılan bir neçə aqropark və digər fermer təsərrüfatları da aqrar sığortanın üstünlüklərindən yararlanmağa başlayıblar. O cümlədən həmin ərazilərdə xarici investisiyalı aqrar müəssisələr də fəaliyyət göstərir. Həmin müəssisələrin nizamnamələrində aqrar sığortadan yararlanmaq da əsas prinsip kimi irəli sürülüb.

Təbii fəlakətlərdən sığortalanmaq fermerlər üçün hər zaman həyati məsələ olaraq qalmaqdadır

Ümumiyyətlə, aqrar sığorta sisteminin normal işləməsi qarşılıqlı əməkdaşlıqdan çox asılıdır. İlk növbədə mexanizm təkmil olmaqla kənd təsərrüfatı istehsalçıları üçün əlverişli şərait yaranmalıdır. Bundan başqa, digər vacib olan məsələ kənd təsərrüfatı məhsullarının istehsal prosesinin keyfiyyətli təşkil olunmasıdır. Eyni zamanda, aqrar sığortanın beynəlxalq təcrübəsinə diqqət etsək görərik ki, sığorta büdcəsi baxımından nümunə göstərə biləcəyimiz ölkələrdən olan ABŞ-da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard, Çində 5,4 milyard, Hindistanda 2,8 milyard və Kanadada 1,3 milyard avrodur. Qardaş Türkiyədə isə bu göstərici 478 milyon avrodur.

Göründüyü kimi, indi qlobal mənada aqrar sığorta fermerlər üçün həyati məsələ kəsb edir. Bu prinsipə önəm verən fermerlər üçün kənd təsərrüfatında məhsuldarlığı və bazar problemini həll etmək daha əlçatan olur.

Elçin Zaman, «İki sahil»

Избранный
39
ikisahil.az

1Источники