RU

Zurabişviliyə ƏLVİDA – Qərbin son ümidləri də PUÇ OLDU...

Dekabrın 14-də Gürcüstan yeni Prezidentini seçdi. Seçki Kollegiyasının əksəriyyəti keçmiş futbolçu Mixail Kavelaşvilinin Prezident olmasına səs verdi. Oktyabrın 26-da keçirilən parlament seçkiləri kimi, Prezident seçkisi də hakim “Gürcü arzusu” Partiyasının tam üstünlüklə qalib gəldiyini göstərdi. Bununla Qərb Gürcüstanda öz təsirini saxlamaq üçün ümid etdiyi sonuncu istinad nöqtəsini də itirdi.

Görünən odur ki, Qərb Gürcüstana təsir etmək imkanlarını tamamilə əldən verir. Bu ilin əvvəlində qəbul edilən xarici agentlər haqında qanunla əsası qoyulan Tiflis-Qərb qarşıdurması Prezident seçkilərinin nəticələrilə ikincilərin tam məğlubiyyətilə nəticələndi.

Belədə, Qərbin Gürcüstanla bağlı sonuncu ümidləri də puça çıxdı.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, Salome Zurabişvilinin vəzifəsindən yola salınacağı gözlənilən idi:

“Onun bundan sonra da Gürcüstanın Prezidenti olaraq qalması imkanları da yox idi. “Gürcü arzusu” onu Konstitusiyanı pozmaqda ittiham edib. Çünki o, Qərbin Gürcüstanda maraqlarının əsas müdafiəçisidir.  Zurabişvili açıq şəkildə ölkədə hakimiyyət böhranını şərtləndirəcək addımlar atıb, parlament və prezident seçkilərinin nəticələrini tanımayıb. Müxalifəti, tələbələri etiraz aksiyalarına səsləyib. Nəticədə ölkədə ictimai asayiş pozulurdu. Zurabişvili Fransanın kadrı olub və Gürcüstanda Qərbin maliyyəsilə fəaliyyət göstərən QHT üzvlərindən təşkil olunmuş sosial qrup vasitəsilə hakimiyyətə gəlib”.

Həmsöhbətimizin fikrincə, Prezident seçkiləri də göstərdi ki, Qərbin Gürcüstandakı cəhdləri tam fiaskoya uğrayıb:

“Onlar parlament seçkilərindən istifadə edərək, Gürcüstanda hakimiyyət çevrilişi həyata keçirməyə çalışırdı. Buna cəhdlər də edildi. Bu yolla Qərb Gürcüstana öz nəzarətini təmin etmək istəyirdi. Bu da təkcə Gürcüstana deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün təhlükələr yarada bilərdi. O baxımdan “Gürcü arzusu” Partiyasının qələbəsilə yanaşı, Qərbin tək istinad nöqtəsi olan Salome Zurabişvili də vəzifəsindən getməli oldu. Qərb həmçinin, QHT-lərdəki sosial bazasını da itirəcək”.

E. Mirbəşiroğlu düşünür ki, bundan sonrakı mərhələdə Qərbin Gürcüstana təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq və minimuma enəcək:

“Etiraz aksiyaları keçirilsə belə, geniş miqyaslı və təsirli olmayacaq. “Gürcü arzusu” Partiyası hər ötən gün öz mövqeyini daha da gücləndirəcək”.

Rüfət Sultan, Bizim.Media

Избранный
31
bizim.media

1Источники